Ailə həkiminə hansı hallarda müraciət edə bilərik?
Məlum olduğu kimi, bu ilin əvvəlindən etibarən ölkə ərazisində icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb.
Yanvarın 1-dən ölkənin daha 36 şəhər və rayonu bu sistemə qoşulub. 1 aprel tarixindən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq. İcbari tibbi sığortanın tətbiqindən sonra hər kəs ailə həkiminə müraciət etməlidir.
Şəffaflıq.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ailə həkimi ilə bağlı məsələyə aydınlıq gətirib:
“Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir.
Ailə həkimi ailə üzvlərini müayinə və müalicə edir.
Sağlam həyat tərzi haqqında məlumat verir.
Xəstəliklərin profilaktikası ilə məşğul olur.
Sanitar-gigiyenik maarifləndirməni həyata keçirir.
Tibbi göstəriş olduğu halda xəstəni göndəriş vərəqəsi ilə ixtisaslı həkim müayinəsinə göndərir”.
Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixindən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. “Tibbi sığorta haqqında” qanuna və Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına uyğun olaraq, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.
Facebook-da paylaş