Ağsuçay üzərində 76,5 metr hündürlüyündə asma körpü inşa edilir

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4,5-ci kilometrində, Ağsuçay üzərində asma körpü inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Yeni layihə üzrə 1 tunel, biri asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa, yolboyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülərək yeni boruşəkilli kiçik körpülərlə əvəzlənir.
Yolun 4,5-ci kilometrində Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76,5 metr hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçay üzərindəki körpüdən sonra qarşıdakı hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2,2 kilometr qısalır.
Digər hissələrdə layihələndirilən trassa Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun trassası Qəbələ şəhərinə daxil olmadan soldan yeni trassa ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trassaya birləşəcək. Bunun hesabına yol bu hissədə 5 kilometr qısalır. Trassanın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan ilk 14 hissəsidir ki, burada sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis tədbirlər nəzərdə tutulub. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.

ŞƏFFAFLIQ.AZ


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}