Yunanıstanın hədəsi: “Türkiyəni vuracağıq”


 

Keçən ilin yayından Yunanıstanla Türkiyənin münasibətləri yenə gərginləşməyə başlayıb. Bəzən tərəflərin kəskin davranışı müharibə ovqatı da yarada bilir.


Şəffaflıq.az xəbər verir ki, Yunanıstanda Türkiyəni hədələyirlər. “Pentapostaqma” qəzetində Ankaranın əleyhinə yazı dərc olunub. İsraildən yeni silah sistemlərinin alınması çox sevindirici xəbər kimi təqdim edilib: “Yardım gəlir: Türkiyəni İsrail silahlarıyla vuracağıq”.

Türkiyənin Aralıq dənizində gerçək gücünü ortaya qoyması Yunanıstanı çox narahat edir. “Pentapostaqma” güc balansının dəyişmək imkanlarından danışıb. Yunanıstan qəzeti İsrail silahlarının hesabına hadisələrin başqa yön alacağına əminlik ifadə edib.

Yunanıstan portalı “Realnews” da məsələyə xüsusi diqqət ayırıb. Saytın yazısında uzaqmənzilli raketlərdən müdafiə sisteminin alınmasından söz açılıb. Yunanıstan hər birinin dəyəri 12-15 milyon dollar olan 5 radar sisteminə pul xərcləyib. Həmin radarlar ölkənin şərqindəki adalarda yerləşdiriləcək.

Afina hava hücumundan müdafiə sistemi barədə də düşünür. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Təl-Əvivlə danışıqlar aparacaqlarını bildirib.

“Pentapostaqma” Türkiyə ilə qarşıdurmada Fransanın Yunanıstanın yanında olduğunu yazıb. Qəzet iddia edir ki, fransızlardan “Scalp” raketlərinin alınması Ankara üçün çox pis xəbərə çevrilib: “Türklər Fransanın bu raketləri Yunanıstana satmasından qorxur. Bu raketlərin mənzili 1000 kilometrə çatır. Ankaradakı hədəfləri rahat vurmaq mümkündür”.

Yunanıstan bir neçə aydır silahlanmaya xüsusi diqqət ayırır. Fransadan “Rafale” qırıcı təyyarələri məhz Türkiyəyə güc göstərmək üçün alınıb. İndi növbə uzaqmənzilli raketlərdən və hava hücumundan müdafiə sistemlərinə çatıb.

Yunanıstanla Türkiyənin arasının yenidən dəyməsini politoloqlar daha çox Ankaranın Şərqi Aralıq dənizindəki kəşfiyyat işlərinə bağlayır. Türkiyə bir çox qaz yataqları ortaya çıxarıb. Yunanıstan isə Ankaranın su sərhədlərini pozduğunu iddia edir. Şərqi Aralıq dənizində tərəflərin gəmiləri dəfələrlə üz-üzə gəlib. Yunanıstan sonradan məsələni qəlizləşdirməməyə çalışıb. Amma hadisələr göstərir ki, Afina diqqət çəkmədən güclənmək yolunu seçib.

Türkiyə isə dəfələrlə bildirib ki, Yunanıstanın istənilən düşünülməmiş addımına sərt cavab veriləcək.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}