Sənədsiz evlərin qeydiyyata alınması prosesi nə yerdədir?


 

Azərbaycanda sənədsiz evlərin qeydiyyata alınması istiqamətində inventarlaşdırma işlərinin 2021-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir.

Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikasının prezidenti tərəfindən 13 yanvar 2015-ci il tarixində Fərmanın verilməsi fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edir.

Sənədə əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib. Belə ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu. Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verdi. Sonradan Fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlərin siyahısı daha da təkmilləşdirildi.

Fərman əsasında 2015-ci ilin yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilib. Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı dövlət başçısının tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində tədbirlər planı təsdiq edildi.

Müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan tədbirlər planına uyğun olaraq, yerli ekspert komissiyaları formalaşdırıldı. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxil edildi.

Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilən tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. 2020-ci ildə pandemiya (COVID-19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb. 2021-ci ildən inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Sənədləşdirmə mərhələsində ehtimal olunan proseslər haqqında məlumat verən daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev bildirib ki, hazırda proses realizasiya mərhələsinə keçid etməyib və bunun üçün ümumi hazırlıq işləri həyata keçirilməlidir:

“Məsələ hüquqi müstəviyə keçməlidir ki, sənədləşdirmə prosesinə start verilsin. Bunun üçün dəqiq rəqəmlər və sənədsiz evlərin sayı müəyyən olunmalıdır. Əgər hansısa tikili sənədsizdirsə deməli onun sənədləşdirilməsində problem var. Bu problem qanunvericiliklə də əlaqəli deyil. Bir çox yerlərdə vətəndaşlar icazəsiz evlər tikib”.

Onun sözlərinə görə, ilk növbədə həmin evləri sənədləşdirməyin mümkün olub-olmaması ilə bağlı araşdırma aparılmalıdır:

“Sözsüz ki, bəzi şəxslərin evləri sənədləşdirilməyə bilər. Biz bu hallara da rast gələcəyik. Bəzi ərazilərdə qətiyyən ev tikmək olmaz və ya elə ərazilər var ki, orada ev tikmək mümkün deyildi, lakin tikilib. Həmin evlərin sənədləşdirilməsində problem olacaq.

Evlər sənədləşdirilməmiş və ya qismən sənədləşdirilmiş ola bilər. Bəzən vətəndaşın sənədi olmasa belə ərazi üzrə uçotu olur. Məsələn, vətəndaş kommunal ödənişlərini uçot üzrə tam həyata keçirir və s. Bu zaman əmlak üzərində istifadəçini müəyyən etmək olur. Bəzi şəxslər satış həyata keçirərkən ərazi üzrə uçotdan çıxır və evi alan şəxs uçota düşür. Bu zaman alqı-satqı prosesi baş vermir və bu hüquqi cəhətdən riskli əməliyyat sayılır”.


Rəşad Əliyev qeyd edib ki, istənilən halda evlərin sənədləşdirilməsi dövlət üçün də maraqlıdır:

“Bu zaman alqı-satqı proseslərindən vergi tutulur, həmçinin, əmlak vergisi ödənilir və eləcə də bu, vətəndaşın hüquqlarının qorunması istiqamətində vacib addımdır. Ona görə də dövlət tam olaraq sənədləşdirmə prosesinin həyata keçirilməsində maraqlıdır”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}