NAZİR AÇIQLADI:Bu şəxslərə evlər veriləcək
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.
Şəffaflıq.az məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, cənab Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir. Həmin tədbirdə çıxışında Prezident İlham Əliyev ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verildiyini diqqətə çatdırdı. Dövlət başçısı “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar” deyə bəyan etdi.
S.Babayev yeni açılan 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatının önəmini qeyd edib. Vurğulayıb ki, ölkə Prezidentinin bildirdiyi kimi:
“Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək”. Ümumilikdə dövlət başçısının tapşırığı əsasında son illərdə qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı üçün xüsusi önəm kəsb edir.
Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq.
“Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları”nın, “Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu”nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.
Facebook-da paylaş