Bu gün Su çərşənbəsidir
Azərbaycanda Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib olan dörd ünsürlə su, od, yel, torpaqla bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd etməyə başlayır. El dilində onlara “Boz ayın çərşənbələri” də deyirlər.
Bu çərşənbələrdən birincisi Su çərşənbəsidir. İlk çərşənbə ərəfəsində hamı evini, həyətini səliqə-sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onlar cavanlaşdırılar.
Hər çərşənbənin özünəməxsus yeməyi var. Su çərşənbəsində də süfrə açılar və xonça qurular. Xonçaya quru meyvələr, ləbləbi, kişmiş, qoz-fındıq, qovurğa qoyular və rəngli şamlar düzülər. Həmin gecə mütləq bulaqdan, quyudan, piyada pak və təmiz su gətirilməlidir. Bu da su çərşənbəsinə xas olan adətdir. Su çərşənbəsində ahıllar unudulmur və onlar üçün xüsusi təamlar hazırlanır. Qovurğadan qovut çəkərək üstünə bəhməz və bal tökülərək ahıllara verilir.
Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Bununla da insanlar su ilə ünsiyyətdə olub, ona qovuşurlar.
Qeyd edək ki, xalq təqviminə əsasən Azərbaycanda bu il Su çərşənbəsi fevralın 23-nə, Od çərşənbəsi martın 2-nə, Yel çərşənbəsi martın 9-na, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 16-na təsadüf edir.
Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.
Şəffaflıq.az
Facebook-da paylaş