Dünyada koronavirusa yoluxanların sayı 110 milyon oldu - Bəzi ölkələr sərt karantin rejiminə qayıtdı


 

Dünyada koronavirusa yoluxanların sayı 110 milyonu ötüb. Virusdan dünyasını dəyişənlərin sayı isə 2,4 milyondan çoxdur. Üçüncü dalğanın başlaması, virusun mutasiyaya uğrayan yeni variantlarının sürətlə yayılması nəticəsində bir sıra ölkələr yenidən sərt karantin rejiminə qayıdıb.

Musavat.com ölkələrdə koronavirusla bağlı son vəziyyəti təqdim edir.

ABŞ-da son olaraq koronavirusa yoluxanların sayı 28,3 milyonu ötüb. Virusdan dünyasını dəyişənlərin sayı isə 500 min nəfərə yaxınlaşıb.

 Ölkədə koronavirusun yeni ştammları sürətlə yayılmaqdadır. Bu günlərdə isə ölkədə virusun daha bir, B1525 adlı ştammı aşkarlanıb.

 Mütəxəssislər hələlik bu ştammın nə dərəcədə təhlükəli olmasını araşdırır.

Dünyada virusa yoluxma sayına görə üçüncü, ölənlərin sayına görə isə ikinci sırada dayanan Braziliyada vəziyyət aylardır ki, gərgin olaraq qalır.

Bu günə qədər ölkədə 10 milyona yaxın yoluxma, 240 mindən çox isə ölüm faktı qeydə alınıb. Buna baxmayaraq, ölkədə vaksinasiya prosesi ləng aparılır. Bununla bağlı da xeyli narazılıqlar var. Məlumata görə, bu günə qədər 15 milyon insana koronavirusa qarşı peyvənd vurulub.

Xatırladaq ki, hər il fevral ayının bu günlərində Braziliyada möhtəşəm Rio de Janeyro festivalı keçirilərdi. İndi isə festival üçün nəzərdə tutulan meydançalar vaksinasiya məntəqələri kimi istifadə olunur.

Avropa ölkələrində də koronavirusla bağlı vəziyyət getdikcə gərginləşməyə başlayıb. ÜST-ün son açıqlamasına görə Avropanın 30 ölkəsində koronavirusun yeni mutasiyaya uğramış ştammı aşkarlanıb, hansı ki, daha sürətlə yayılmaq qabiliyyətinə malikdir. Bu səbəbdən bəzi ölkələrdə yenidən sərt karantin rejimi tətbiq edilməyə başlanılıb. Məsələn, Yunanıstan fevralın 11-dən sərt qapanma tədbirlərinə başlayıb. Fevralın 28-dək davam edəcək tədbirlər əsasən paytaxt Afina, Pire də daxil olmaqla Attika bölgəsinə aid edilib. Bu şəhərlərdə koronavirusun mutasiyaya uğramış bir neçə variantı aşkarlanıb. Qeyd edək ki, bu günə qədər ölkədə 174 minə yaxın yoluxma, 6,1 mindən çox isə ölüm faktı qeydə alınıb.

Avstriyada isə bu günə qədər ,82 mindən çox koronavirusdan ölüm faktı qeydə alınıb. Fevralın 8-də ölkədə ticarət obyektlərinin fəaliyyəti və məktəblərdə əyani dərslər bərpa olunduqdan sonra tezliklə iqtisadiyyatın digər sahələrində də eyni addımlara ümid bəslənirdi. Lakin ölkədə koronavirusun mutasiyaya uğramış variantlarının yayılması hökuməti növbəti addımlardan çəkinməyə vadar edib. Hökumətin açıqlamasına görə, Pasxa bayramına kimi, yəni aprel ayının əvvəlinədək qastronomiya obyektləri, otellər və mədəni-kütləvi tədbirlər üçün sərt karantin qaydaları qüvvədə qalacaq.

Federal kansler Sebastian Kurts, həmçinin bildirib ki, ötən həftəki yumşaldıcı qərarların ardınca martın 1-dək ölkədəki epidemioloji vəziyyət müşahidə ediləcək və həmin tarixdə növbəti addımlar barədə qərar elan ediləcək.

3,4 milyon yoluxma sayı ilə dünya ölkələri arasında 6-cı sırada olan Fransada isə son vaxtlar pandemiya ilə bağlı vəziyyət səngiməyə başlayıb. Bununla belə Fransa hökuməti əhaliyə xəbərdarlıq edərək bildirib ki, vəziyyət yenidən kəskinləşərsə, ölkədə 3-cü dəfə sərt karantin rejimi tətbiq ediləcək.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}