Reabilitasiya sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq layihəsinə başlanır


 

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin gücləndirilməsinə də imkan yaradıb. Bu vasitələrin növlərinin siyahısına ötən il daha 23 yeni növ əlavə edilib. Hazırda əlilliyi olan şəxslər 60 növ reabilitasiya vasitələri ilə təmin olunur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşdə deyib. Görüşün məqsədi Azərbaycanda reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi sahəsində əməkdaşlıq layihəsinin təqdimatı olub.

Nazir ölkəmizdə reabilitasiya sisteminin təkmilləşdirilməsi işlərini, ötən il daha 6 bölgədə müasir reabilitasiya və sosial xidmət müəssisəsinin açıldığını,  bu il 4 belə müəssisənin də açılacağını deyib. 2021-ci ilin sonuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya və sosial xidmət müəssisələrinin sayının 30-dan çox olacağını, reabilitasiya xidmətləri göstərilənlərin illik sayının 30 minə çatacağını qeyd edib.

S.Babayev ötən il əlilliyi olan 11344 şəxsin 35 000 reabilitasiya vasitəsi ilə təmin edildiyini bildirib. O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərlə təminat proqramına da başlandığını, bu sahədə ardıcıl işlərin aparıldığını vurğulayıb. Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsinin iştirakçılarına, onlardan yaralanmış hərbi qulluqçulara sosial-psixoloji  və reabilitasiya dəstəyinin göstərilməsi, həmin şəxslərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə aparılması üçün görülən işləri diqqətə çatdırıb.

O, Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni layihənin əhəmiyyətini diqqətə çatdırıb.

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı qeyd edib ki, 2021-ci ili əhatə edən layihə çərçivəsində reabilitasiya vasitələrinə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatlar nəzərdə tutulur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsinə dair təkliflər hazırlanacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}