Doktoranturaya qəbulda ilk imtahandan uğurla keçən çağırışçılara 3 ay möhlət hüququ veriləcək
Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında videoformatda ilk iclası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, iclasda 2021-ci ilin yaz sessiyası ərzində komitənin qanunvericilik fəaliyyətini və digər tədbirləri əhatə edən iş planı təqdim olunub.
Ziyafət Əsgərov komitənin gündəliyində olan “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” qanun layihələri barədə ətraflı məlumat verib. Bildirib ki, həmin layihələr rəy alınması üçün hələ ötən sessiyalardan müvafiq nazirliklərə təqdim olunub. 2020-ci ildə Azərbaycanın hərb tarixində baş verən mühüm hadisə - Vətən müharibəsi xüsusilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna bir sıra yeniliklərin edilməsi zərurətini yaradıb.
İclasda həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxılıb.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir, qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir.
Sənəd müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.
Facebook-da paylaş