Türkiyə S-400-ün ikinci alayının tədarükü barədə Rusiya ilə danışıqlara davam edir
Türkiyə S-400 zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükü barədə Rusiya ilə danışıqlara davam edir.
Şəffaflıq.az “A Haber"-ə istinadən məlumat verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.
“Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınmasından imtina etməsi problemli olardı. Bu mövzuda ABŞ ilə fikir ayrılıqlarının dialoq yolu ilə həll olunacağını gözləyirik. Türkiyə ikinci S-400 alayının alınması ilə bağlı Rusiya ilə danışıqlara davam edir”, - deyə o, bildirib.
H.Akar Türkiyədə S-400-ün xüsusi bir dislokasiyasının olmayacağını da qeyd edib. Onun sözlərinə görə, zəruri hallarda sistemlər köçürülə bilər.
Xatırladaq ki, yanvarın 11-də Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir, ölkəsinə gətirilən S-400-ün istismara hazır olduğunu bildirib.
Facebook-da paylaş