Uzaqdan təhsilin məktəblilərə təhlükəli təsiri açıqlandı
Uzaqdan təhsil zamanı uşaqlarda miyopiya (yaxından görmə) 1,5 dəfə daha sürətli inkişaf edir.
Şəffaflıq.az “Zvezda”ya istinadən məlumat verir ki, Çindən olan alimlər normal vaxtda və karantin dövründə 1,3 min məktəbin şagirdləri arasında keçirilmiş sorğunun nəticələrinin müqayisəsi nəticəsində belə qərara gəliblər.
Vençjou Tibb Universitetinin Oftalmologiya və Optometriya Məktəbi, həmçinin Oftalmologiya Xəstəxanası hər altı aydan bir təqribən milyona yaxın məktəblinin gözlərini yoxlanışdan keçirir. Son araşdırmada mütəxəssislər 2019-cu ilin iyun-dekabr ayları arasında və COVID-19 karantininin tətbiq olunduğu 2020-ci ilin yanvarından iyun ayına qədər olan məlumatları müqayisə etmək qərarına gəliblər.
“Bütün tələbələr arasında miyopiyanın altı aylıq inkişafının təxminən 1,5 dəfə artdığını gördük”, - deyə tədqiqatın nəticələrində deyilir.
Alimlərin sözlərinə görə, miyopiyanın yüksək və orta dərəcələrinin inkişafına ən çox 1-6 sinif şagirdləri məruz qalıb.
Tədqiqat müəlliflərinin fikrincə, bu nəticə uşaqların qadcet ekranları arxasında daha çox vaxt keçirməsi və təmiz havaya az çıxması ilə əlaqədardır.
Mütəxəssislər elektron cihazların müasir həyatda getdikcə daha çox əhəmiyyət kəsb etməsi ilə əlaqədar olaraq təhsil alanlar arasında miyopiyanın qarşısını almaq üçün təsirli bir strategiyaya ehtiyac olduğunu vurğulayırlar.
Facebook-da paylaş