Avropa İttifaqı nazirləri Tixanovskaya ilə görüşdülər - Sanksiya siyahısı müzakirə olunur...


 

Avropa Birliyinin (AB) xarici işlər nazirləri Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüblər. Onlar Prezident Aleksandr Lukaşenko daxil olmaqla onlarla Belarus rəsmisinə sanksiyaları nəzərdən keçirirlər. Seçkisonrası etirazların zorakılıqla yatırdılması, avtoritar liderin qalib elan olunması ilə sonuclanan seçki saxtakarlığından dolayı sanksiyalar müzakirə olunur.

AB-nin Xarici siyasət rəhbəro Jozep Borrel sentyabrın 21-də Tixanovskaya ilə görüşdən sonra deyib ki, nazirlər Belarus xalqının, xüsusilə əsl liderlik nümayiş etdirən Belarus qadınlarının cəsarət və dəyanətindən mütəəssir olublar.

Borrel Belarus və onun müttəfiqi Rusiyanın Avropanın bu ölkəyə müdaxiləsi iddialarını rədd edib. Onun sözlərinə görə, bu, daxili işlərə müdaxilə hesab oluna bilməz, çünki demokratiya və insan haqları Avropa Birliyi mənsubiyyətinin özəyini təşkil edir. Borrelin sözlərinə görə, nazirlər Belarus xalqına hansı dəstəyi verə biləcəklərini götür-qoy edəcəklər, 27 üzvü olan blokun Minskə münasibətləri Lukaşenkonun Belarusun legitim prezidenti kimi tanınmamasına əsaslanacaq.

AB-nin tərtib etdiyi siyahıda 40 nəfərin adı var, onların aktivləri dondurula, özlərinə səyahət qadağası qoyula bilər.

Lukaşenkonun adını siyahıya salmaqla bağlı blok hələ bir qərar gəlməyib. 26 illik hakimiyyəti dövründə o, müxalifəti və müstəqil medianı sıxışdırıb, etirazçılarla danışıqlardan imtina edib.

Tixanovskaya ilə görüşdən sonra Almaniyanın Xarici işlər naziri Heiko Maas deyib ki, Lukaşenkanın dinc nümayişçilərə qarşı zorakılığı tamamilə qəbuledilməzdir.

Belarusla bağlı sanksiya siyahısı AB xarici işlər nazirləri tərəfindən qəbul edilməsə, diplomatlar onun AB-nin 24-25 sentyabr tarixlərində sammitə çıxarılacağını istisna etmirlər.

Bazar günü Belarusda yüzlərlə etirazçı saxlanıb. Polisin xəbərdarlığına baxmayaraq, 100 mindən çox insan Minskdə yürüşə çıxıb. Digər şəhərlərdə də aksiyalar keçirilib. Etirazlar başlayanı polisin 12 min nəfəri saxladığı bildirilir. Yüzlərlə saxlanana isə işgəncə verilib. Bütün bunlar Qərbdə narazılıq yaradıb.

Belarusa sanksiyalar siyahısına əsas əngəli Kiprin yaratdığı bildirilir. Bu ölkə siyahıya dəstəyi əvəzində AB-dən Türkiyəyə qarşı tədbir görməyi tələb edir. Afina və Ankara arasında Aralıq dənizinin şərqində qaz araşdırmaları fəaliyyəti ilə bağlı mübahisə var. AB yalnız 27 üzvünün dəstəyini aldıqdan sonra sanksiya tətbiq edə bilər.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş