Aİ Qara dəniz strategiyasının icrasını müzakirə edəcək və Ermənistan üçün yeni missiyanı razılaşdıracaq
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bazar ertəsi kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi də daxil olmaqla Qara dəniz strategiyasının həyata keçirilməsini müzakirə edəcəklər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl bildirib. Onun sözlərinə görə, Qara dəniz strategiyasının icrası çərçivəsində artıq dəniz koordinasiya mərkəzi (maritime hub) hazırlanıb, Bolqarıstan və Rumıniya isə regionda kritik infrastrukturun qorunması və hibrid təhdidlərə qarşı mübarizə üzərində birgə işləyirlər. "Biz həmçinin Ermənistan üçün ölkənin üzləşdiyi hibrid təhdidlərə və xarici informasiya manipulyasiyalarına və müdaxiləsinə (FIMI) qarşı mübarizə ilə məşğul olacaq yeni tərəfdaşlıq missiyasını razılaşdıracağıq", - Kallas deyib. Qara dəniz strategiyasının həyata keçirilməsində Gürcüstanın rolu ilə bağlı sualı cavablandıran zaman Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ hazırkı Gürcüstan rəhbərliyi ilə qarşılıqlı əlaqədə çətinliklər yaşayır. "Faktiki olaraq bizim Gürcüstan hökuməti ilə əlaqələrimiz yoxdur və biz hökuməti dəstəkləmək istəmirik. Biz Gürcüstan xalqını dəstəkləmək istəyirik və insanların Avropaya ümidini itirməməsi üçün bunu necə edəcəyimizi müzakirə edirik", - o qeyd edib.
Facebook-da paylaş








