İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. Şəffaflıq.az ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib. "Halbuki 2231 saylı qətnamə hüquqi baxımdan faktiki olaraq mövcud deyil", - Bəqai vurğulayıb və qətnamənin müddətinin 18 oktyabr 2025-ci ildə bitdiyini xatırladıb. İran XİN sözçüsünün fikrincə, məhz buna görə BMT Baş katibi Antonio Quterreşin qətnamənin icrası ilə bağlı hər hansı bir hesabat verməsi mənasızdır və hüquqi əsası yoxdur. O iclas zamanı Çin və Rusiyanın bu müzakirələrə etiraz etdiyinə diqqət çəkərək, ABŞ ilə İsrailin İranın nüvə obyektlərini bombalayan zaman BMT TŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) susduğunu tənqid edib. Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnamə İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planını təsdiqləyərək, əvvəlki sanksiyaları ləğv edib. Sənəd, razılaşmanın şərtləri pozulduğu təqdirdə sanksiyaların avtomatik bərpasını nəzərdə tuturdu. Qətnamənin müddəalarının rəsmi olaraq başa çatmasına baxmayaraq, nüvə öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə BMT TŞ sözügedən mexanizmi işə salıb.
Facebook-da paylaş








