Bakı və Aşqabad arasında birbaşa aviareyslərin işə salınması araşdırılacaq
Aşqabad və Bakı arasında həftədə iki dəfə olmaqla birbaşa müntəzəm aviareyslər işə salına bilər. Şəffaflıq.az Türkmənistanın Beynəlxalq İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu məsələyə Aşqabadda keçirilən Azərbaycan və Türkmənistanın iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının iclası çərçivəsində baxılıb. İclas zamanı tərəflər nəqliyyat, turizm, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. İki ölkənin tranzit potensialının inkişaf etdirilməsinə və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Xüsusilə, Türkmənistan Türkmənbaşı beynəlxalq dəniz limanında Azərbaycan gəmiləri üçün güzəştli tariflər təqdim etməyə davam edəcək. Bundan əlavə, tərəflər Xəzər dənizinin dibi ilə telekommunikasiya kabelinin çəkilişi layihəsinin həyata keçirilməsi üzrə işləri sürətləndirmək barədə razılığa gəliblər. "Tərəflər turizm əlaqələrinin inkişafına və işgüzar əlaqələrin genişləndirilməsinə də diqqət yetiriblər. Xüsusilə, Aşqabad və Bakı arasında həftədə iki dəfə olmaqla birbaşa müntəzəm aviareyslərin açılması imkanı nəzərdən keçirilib. Bundan başqa, işgüzar əlaqələrin inkişafı çərçivəsində iki ölkənin sahibkarlarının qarşılıqlı biznes missiyalarının və Azərbaycanın Ağdam, Füzuli, Şuşa, Xankəndi və Naxçıvan da daxil olmaqla müxtəlif şəhərlərinə tanışlıq səfərlərinin təşkili planlaşdırılır", - məlumatda qeyd olunub. İclasın yekunlarına əsasən, tərəflər birgə sənədlər paketi imzalayıblar. İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası Azərbaycanda keçiriləcək.
Facebook-da paylaş








