Hadrutda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
Bu gündən Xocavəndin Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır. Şəffaflıq.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, qəbul prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə aparılacaq və avqustun 9-u günün sonunadək davam edəcək. Hadrut qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək. Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Hadrut qəsəbəsində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, tütün, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir. Hadrut qəsəbəsinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər: EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq) Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Hadrut" seçməklə ərizə formasını doldurmaq. Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Hadrut qəsəbəsi olduğunu Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək. Qeyd edək ki, sonrakı mərhələlərdə müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. Fermerlər əlavə məlumat üçün Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinə (tel: 077-577-93-97, 050-533-68-71, email: xocavend@agro.gov.az ) müraciət edə bilər.
Facebook-da paylaş








