Əlcəzair Fransa müstəmləkəçiliyinin cinayət kimi tanınmasını müzakirə edir
Əlcəzair Xalq Milli Assambleyası Fransanın XIX-XX əsrlərdəki müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir. Şəffaflıq.az-ın məlumatına görə, qanun layihəsi üzrə səsvermə dekabrın 24-nə planlaşdırılıb. Qanun layihəsində qeyd olunur ki, Fransanın Əlcəzairi 14 iyun 1830-cu ildə başlayan təcavüzdən 5 iyul 1962-ci ilədək koloniyalaşdırması, həmçinin bu tarixdən sonra da davam edən birbaşa və dolayı nəticələr cinayət hesab edilməlidir. Qanun layihəsinin 24 dekabrda qəbul edilməsi gözlənilir. Bu, 1997-ci ildə plüralist parlament yaradılandan bəri layihənin tamamilə qanunvericilər tərəfindən hazırlandığı ilk hal olacaq. Adətən, qanun layihələri hökumət tərəfindən təqdim olunur, parlament isə yalnız kiçik düzəlişlər edir. Müşahidəçilər hesab edirlər ki, bu addım Əlcəzair və Fransa arasında siyasi gərginlik şəraitində qanuna daha böyük təmsilçilik nüfuzu qazandırır. Layihənin müəllifləri bildirirlər ki, Fransa dövləti qeyri-insani hərəkətlərə, siyasi, iqtisadi və humanitar xarakterli cinayətlərə, həmçinin beynəlxalq normaların və qaydaların pozulmasına görə məsuliyyət daşıyır. Parlamentin spikeri İbrahim Buğali vurğulayıb ki, bu təşəbbüslər fransız xalqına qarşı yönəlməyib, tarixi ədalətin bərpasını tələb edir. Qanun layihəsi kolonializmin təxminən 30 növ cinayətini müəyyənləşdirir. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, insanların oğurlanması, zorlamalar, qadağan olunmuş silahlardan istifadə, həmçinin Əlcəzair səhrasında nüvə sınaqlarının keçirilməsi daxildir. Sənəd milli yaddaşın təhqir edilməsi, Fransa müstəmləkəçiliyinin tərənnümü və ya ona bəraət qazandırılmasına görə 5 ildən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Facebook-da paylaş








