İtaliya Superkubokunun finalında "Bolonya" və "Napoli" komandaları qarşılaşacaq
"Bolonya" futbol üzrə İtaliya Superkubokunun yarımfinalında penaltilər seriyasında "İnter"i məğlub edib. Şəffaflıq.az-ın məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilir. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə "Bolonya" daha dəqiq olub – 3:2. Əsas vaxtda "İnter"in heyətində Markus Tyuram (2-ci dəqiqə) fərqlənib. "Bolonya"nın qolunu isə Rikardo Orsolini (35-ci dəqiqə, penalti) vurub. "İnter" İtaliyanın vitse-çempionu, "Bolonya" isə ölkə kubokunun sahibidir. Birinci yarımfinalda İtaliyanın hazırkı çempionu "Napoli" kubokun finalçısı "Milan"ı 2:0 hesabı ilə məğlub edib. Final oyunu 22 dekabrda keçiriləcək. Ötən il İtaliya Superkubokunun sahibi "Milan" olub, o, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edib. Ən çox titul qazanan klub isə "Yuventus"dur – Turin təmsilçisi bu kuboku 9 dəfə qazanıb. "Bolonya" isə tarixində ilk dəfə İtaliya Superkubokunun finalına yüksəlib.
Facebook-da paylaş








