“Əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”

 


Azərbaycan Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının mətbuatda bəzi ekspertlər tərəfindən yanlış şərh edilməsi insanlar arasında çaşqınlıq yaradıb.  
 
Vətəndaşlarda belə bir fikir formalaşıb ki, bu sərəncamla bütün evsizlərə ev veriləcək. Hətta sosial şəbəkələrdə vətəndaşlar “Şad xəbər! Hər kəsə ev verilir”, “İcra hakimiyyətlərinə müraciət edin, ev alın”, “Siyahıya düşməyə tələsin”, “Evsizlərə ev verilir” kimi paylaşımlar edirlər.  

Məhz buna görə də artıq bəzi insanlar yaşadıqları rayonlar üzrə icra hakimiyyətlərinə kütləvi şəkildə müraciət etməyə başlayıblar.  

Əslində bu sərəncamın əsl məğzi nədən ibarətdir?

Şəffaflıq.az xəbər verir ki, Lent.az məsələni aydınlaşdırmaq üçün hüquqşünas Şamil Paşayevə müraciət edib.

O bildirib ki, ölkə başçısının məlum sərəncamı bəzi şəxslər tərəfindən yanlış şərh edildiyi üçün insanlar arasında çaşqıınlıq yaranıb:

“Hamıda yaşayış sahəsinə ehtiyacı olan şəxslərə ev verilməsi barədə fikirlər formalaşıb. Bu fikirlər tamamilə əsassızdır, belə bir şey yoxdur. 


Adından göründüyü kimi bu sərəncam korrupsiya məsələləri ilə bağlıdır və işləri şəffaflaşdırmaq məqsədi daşıyır. Bu sərəncamda əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”.  

Şamil Paşayev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.9-cu bəndi belə şərh edir:  

“Həmin fəaliyyət planının 2.9-cu bəndində qeyd olunub ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc edilsin və aktuallığı daim təmin etsinlər. Bu prosesə də icra hakimiyyətlərində baxılır.

Bu məsələni belə izah edim... Məsələn, şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlər, müxtəlif dövlət qurumunda işləyib mənzil növbəsinə duran şəxslər var ki, onlar müəyyən müddətdən sonra mənzilə sahib olmaq ixtiyarındadırlar. Onlar da mənzilə sahib olmaq üçün yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmalıdırlar. Bu uçotun aparılması isə çoxdankı qaydadır. Məsələn, Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qeyd olunub ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Yəni uçota alınma sənədini icra hakimiyyəti və bələdiyyələrə təqdim etməlidirlər. Sosial kirayə müqaviləsinə əsasən isə, yaşayış sahələri yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınmış vətəndaşlara şamil edilir. Və bu uçota durma məsələsində yeni qayda korrupsiyanın qarşısını almaq məqsədi daşıyır.

Məsələn, elə adam var ki, 1995-ci ildən işlədiyi dövlət qurumunda ev növbəsindədir, amma ona hələ də ev verilməyib. Digər biri isə 2015-ci ildə ev növbəsinə durub və artıq ev alıb. Artıq bu yeni qayda korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsinə xidmət edəcək. Burada da məğz ondan ibarətdir ki, əgər hansısa dövlət qurumunda çalışan şəxs mənzil almaq üçün uçota düşübsə, bu elektronlaşdırılsın. Təkcə kağız daşıyıcılarda, hər hansı qovluqlarda yığılmasın. İcra hakimiyyətinin saytında da göstərilsin, ictimaiyyət üçün də açıq olsun. Uçota alınanlar da, veriləcək evlərin siyahısını görsünlər. Yəni bu ev verilməsində şəffaflığın təmin edilməsi nəzərdə tutulub.  

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı bütün vətəndaşlara ev veriləcək deyə şərh vermək tamamilə absurddur. Qeyd etdiyimiz kimi, bu əvvəllər də vardı. Sadəcə yeni sərəncamla ev almaq üçün uçota durmaq artıq şəffaf və elektron qaydada aparılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.  

Sərəncama əsasən, Nazirlər Kabineti 2022-2024-cü illər ərzində İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc ediləcək və aktuallığı daim təmin ediləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}