“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”

"Savadlı həkimlərimizin çoxunu xəstələrimiz tapa bilmirlər, çünki onlar heç vaxt özlərini reklam etmirlər"
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramı günüdür. 
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında həmkarlarını təbrik edərək, həkim peşəsinin nə qədər çətin olmasından danışıb:
“Mən Azərbaycanda işləyən hər bir tibb işçisini peşə bayramı münasibətilə təbrik edirəm. Onlar çox cəfakeşdirlər. Ən çətin, məsuliyyətli peşə həkimlikdir. Həkimlər insan həyatıyla oyanırlar, bu heç kimə adi gəlməsin. Xaricdə bizim ölkədəki qədər bilikli həkimlər yoxdur, amma bizdə həkim çatışmazlığı var və hələ bir bu problemi həll edə bilməmişik. Məsələn, xarici ölkələrdə hər bir barmağın travmatoloqu ayrıdır, amma bizim ölkəmizdə bütün sümüklərin, oynaqların, barmaqların travmatoloqu bir adamdır. Belə olanda da çətin olur. Bu gün bizim xaricdə təhsil alan savadlı həkimlərimizlə yanaşı, sovet dövründən fəaliyyət göstərən savadlı həkimlərimiz var. Biz onlarla fəxr etməliyik. Heç onların çoxunu bəlkə də xalqımız tanımır”. 
R.Mahmudov xəstəliyi ilə bağlı maraqlı faktı açıqlayıb və bildirib ki, həmin vaxt ölümlə üz-üzə qalıb:
 “Sizə özümlə bağlı bir faktı deyim. 2018-ci ildə bildiyiniz kimi ağır xəstələndim. Mənim yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim. Məni həkim Xaləddin Musayev öz üzərinə götürüb dedi ki, “Rəşid müəllimi sağaldacam və bu işə heç kim qoşulmasın”. O, məni həyata qaytardı. Doğrusu, X.Musayevi uzaqdan tanıyırdım, amma şəxsi tanışlığımız yox idi. Mənim xəstəliyimdən yüz adamdan üç nəfəri sağala bilərdi. Bizim belə həkimlərimiz var. Tələbəm olan Tanrıverdi həkimlə birlikdə heç bir kəsik olmadan yemək borusundan daxil olaraq oniki barmaq bağırsaqda qalan daşı kəsib çıxardılar. Mən sizə özümlə bağlı faktları deyirəm. Mən onlarla fəxr edirəm və Azərbaycan xalqı da onlarla fəxr etməlidir. Onu da qeyd edim ki, savadlı həkimlərimizin çoxunu xəstələrimiz tapa bilmirlər, çünki onlar heç vaxt özlərini reklam etmirlər. Həkimlik çətin peşədir, ömrü verən Allahdır, amma elə olur ki, həkimlərimiz də bilmədən səhvlər edirlər”.
R.Mahmudov ölkə başçısından tibb işçilərinin maaşlarını qaldırmasını xahiş edib: 
“Mən arzu edirəm ki, insanlarımız həkimlərimizin qədirini bilsin. Prezidentimizdən xahiş edirəm bizim həkimlərimizin maaşını heç olmazsa iki dəfə qaldırsın. Onda həkim peşəsinin nə qədər gözəl bir peşə olmasının özünüz də şahidi olacaqsınız. Bu gün həkimlərimizin maaşı çox aşağıdır”. 
Qeyd edək ki, Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-də ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Vasif Əlihüseyn

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}