Şamaxı sakini şəhidimiz Yalçın Aydın oğlu Cavadov heç vaxt unudulmayacaq


 
Yalçın Aydın oğlu Cavadov 19 may 1985-ci ildə Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olmuşdur. Sadə bir ailədə dünyaya göz açmış Yalçın 1992-ci ildə Alxan Alxanov adına tam orta məktəbinə getmiş və 2003-cü ildə orada tam orta təhsilini başa vurmuşdur.

2003-cü ilin iyulunda Azərbaycanda həqiqi hərbi xidmətə göndərilmişdir. O, hərbi xidmətini Sərhəd Qoşunlarında etmişdir. Hərbi xidməti zamanı göstərdiyi şücaətlərə görə fəxri fərmanla təltif olunmuş və bu əsasda ona çavuş rütbəsi verilmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Yalçın Cavadov doğulduğu Şamaxı rayonuna qayıtmışdır.

Bir müddət keçdikdən sonra o, müddətdən artıq hərbi qulluq etmək üçün yenidən aidiyyəti orqanlara müraciət etmiş və dörd il əlavə hərbi xidmət etdikdən sonra 27 sentyabr 2020-ci il tarixdə o, Vətən Müharibəsində iştirak etmək üçün Cəbrayıl rayonuna yollanmışdır. Onun iştirakı ilə Cəbrayıl rayon mərkəzi azad olunduqdan sonra Yalçın Cavadov Fizuli istiqamətində gedən döyüşlərdə də iştirak etmişdir. Həmin istiqamətdə döyüşərkən 2020-ci ilin oktyabrının 7-sindən 8-nə keçən gecə o, qəhrəmancasına şəhid olmuşdur.

Şəhidimiz Yalçın Aydın oğlu Cavadovun cismi Şamaxı rayonu Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Lakin əslində o, ölməmişdir, ruhən hamımızın qəlbində yaşayır və həmişəlik yaşayacaqdır. Şəhidlər həmişə xatırlandığına görə heç vaxt ölmürlər!

  

Allah şəhidimiz Yalçın Cavadova və digər bütün şəhidlərimizə rəhmət eləsin! Məzarları behişt olsun!

Vahid İsmayılov,
Yanoş Məhərrəmov,
Məhərrəm Səmədov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}