Daha bir şəhidimiz yad edilmişdir.


 

Bu gün "Qoca qurd" ləqəbli, Xüsusi Təyinatlı Qüvvələrin giziri, aprel döyüşlərinin qəhrəman Şəhidi Pəncəli Teymurovun doğum günüdür.

Rahat uyu Şəhidimiz, çünki qısasınız alındı...

Pəncəli Nurməmməd oğlu Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.

1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.

Hərbi xidməti başa vurduqdan sonra o, könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib: 


"Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın."

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində (həmin ərazilər artıq işaldan azad edilib) baş verən "Aprel döyüşləri" zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları -Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb. Yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Beləliklə, Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK, RUHUN ŞAD OLSUN ƏZİZ ŞƏHİDİMİZ!!!


Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}