Gözəl əxlaqa yiyələnmək üçün 9 praktik tövsiyə
Bismilləhir-Rahmənir-Rahim!
Mübarək İslam dini - praktik yaşam dinidir. Bu din həyatımızın bütün sahələrini özündə əhatə edir. Həyatımızın elə bir nöqtəsi, elə bir çaları, elə bir məqamı yoxdur ki, mübarək dinimizin o istiqamətdə çatdırışları, buyuruşları olmasın.
Bir sözlə, deyə bilərik ki, İslam dini və müqəddəs Qurani-Kərim bizlərə bu dünya həyatını gözəl axirət və aqibət üçün necə düzgün yaşamağı öyrədir.
Aldığın hər məlumatı öncə araşdır, sonra nəticə çıxar
Əxlaq ustadları mübarək Qurani-Kərimin buyuruşlarına istinadla, bizlərə doğru yaşamaq üçün praktik addımlarla bağlı çıxarışlar edir. Bəhsimizdə “Hücurat” surəsinə əsasən, insanın necə doğru yaşamalı olduğu, mənəvi təkamülü üçün praktik nə etməli olduğu barədə danışacağıq.
Surəyə istinadən edilən birinci çıxarış budur ki, bir söz danışmaqdan qabaq, bir fikir söyləməkdək, qərar verməkdən, bir mövzuda hansısa kateqoriklik halına gəlməkdən öncə, araşdırmaq lazımdır. Qurani-Kərim bizi araşdırma əhli olmağa çağırır. Gözüyumulu bizə çatan bilgiləri, məlumatları qəbul etmək olmaz. Xüsusən o bilgi və məlumatlar iman əhli, təqvalılar tərəfindən deyil, bu mövzularda xəta edən, insafa riayət etməyən insanlar tərəfindən gəlirsə, onlarla bağlı xüsusən diqqətli olmalıyıq.
İnsan gün ərzində cürbəcür bilgilər, məlumatlar alır. Xüsusən informasiya, kommunikasiya vasitələrinin inkişafı ilə bu məlumatlar fövqəl dərəcədə artıb. Quranın bizə tövsiyəsi budur ki, bir mövzuda bizə gəlib çatan məlumatları, bilgiləri dərhal nəticələndirməyə doğru getməyək, tədqiq əhli olaq, araşdırma əhli olaq, emosional qərar vermələrdən uzaq olaq, mövzunu dəyərləndirmədən öncə araşdıraq.
Bütün mövzularda bu cürdür. Xüsusən ictimai mövzularda araşdırma fövqəl dərəcədə əhəmiyyətlidir. Bəzən bir mövzu qəsdən, qızışdırmaq niyyətilə ortaya atılır. Bəzən bir xəbərin əvvəlini, sonrasını demədən yayarlar, təhrif edərlər. İstər bilərəkdən olsun, istər avamlıqdan olsun - belə məlumatlar yayılan zaman gərək Allah bəndəsi çox diqqətli olsun, öncə onu təhlil etsin, araşdırsın, səhih olub-olmadığını yoxlasın, sonra isə qərar versin.
Ona görə də gərək bir mövzuda qərar verməzdən öncə insan məlumatları ölçüb-biçsin, araşdırsın, tədqiq etsin. Bütün münasibətlərdə insan gərək emosional halla qərar verməkdən çəkinsin.
Dağıdıcı deyil, qurucu ol
Qurani-Kərimə istinadla ikinci qeyd edə biləcəyimiz praktik tövsiyəsi - dağıdıcı olmamaq, qurucu olmaqdır. Görürsən ki, birisi hələ balaca uşaqdır, amma elə uşaq vaxtlarından meyillidir ki, ara vursun, dağıdıcı olsun. Sonra böyüyür, vərdişləri isə eynilə qalır.
İslam deyir ki, əgər Allah bəndəsi olmaq, imanlı olmaq, Allah bəyənən halda olmaq istəyirsənsə - qurucu olacaqsan, barışdıracaqsan, iki tərəf arasında olan kin-küdurəti aradan aparıb, pozitiv ab-hava yaradacaqsan. Ailənin də içində, dostlar arasında da, iş yerində də, təhsil yerində də, ictimai həyatda da o cür olacaqsan.
Dinimizin nəzərində barışdırıcı, qurucu olmaq - ən savab işlərdən biridir. Elə insanlar olmalıdır ki, heç bir mənfəəti, çıxarı olmadan belə, quruculuq etsin.
Bəzən olur ki, tərəflər kin-küdurəti qırağa qoymağa hazır olur, amma heç bir tərəf addım atmır. Belə vaxtda insanlar olmalıdır ki, onlar arasında barışdırıcı, qurucu mövqe tuta bilsin.
Ədalətə riayət et, insaflı ol
Üçüncü praktik tövsiyə budur ki, ədalətli, insaflı olaq. Misal üçün, bir hadisə baş verir, sən bilirsən ki, haqq nədir, doğru nədir, bilirsən ki, insaf nəyi deyir. Amma, sən bunu bilə-bilə, baxırsan ki, görüm bizim tərəf nəyi deyir, mənim ailəm, dostum, yerlim, çevrəm və s. nə deyir. Bu, əsla yolverilməzdir. Sən ədalətli olmalı, insaflı olmalısan.
Bəzən olur ki, sənin yaxın dostların səhv iş görürlər. Sən də bunu bilə-bilə, özünü qəflətə salırsan. Sən heç kəsə görə tərəfkeşlik etməli deyilsən. Bu mövzularda insaflı və ədalətli olmaq zəruridir. Dinimiz haqq dinidir və bizi də öz gəldiyimiz səhv nəticələrin deyil, haqqın yanında olmağa dəvət edir. Təəssüflər olsun ki, günümüzdə məsələ başqa cürdür. Məsələ qalıb bir tərəfdə, adam əvvəl müəyyən edir ki, onun aid olduğu mühitin bu mövzuda baxışı nədir - ona uyğun da rəy verir.
Bəs İslama, dinə nəyə gəlmişdik? Bəs nəyə şəhadət verirdik? Böyük-böyük bütləri dağıdıb Allaha bəndə olmaq üçün İslama gəlmişik, amma dinimizin içində özümüz üçün yeni bütlər yaratmış oluruq. Din belə olmalı deyil. Din budur ki, sən Allaha bəndə ol, haqqa nisbətdə də insanlara qiymət ver. Tərəfkeşlik insanın aqibətini zay edər.
Başqalarını məsxərə etmə
Növbəti - dördüncü tövsiyə budur ki, başqalarını məsxərə etməyin. Təəssüflər olsun ki, məsxərə - yayılmış xəstəliklərdən biridir. Təəssüflər olsun ki, ən kiçik yaşlarından toplum insana bunu öyrədir. Məsxərə etmə, aşağılama, dolama, şəxsiyyətini alçatma, birinin şəxsiyyətini əzmə kimi xəstəliklər toplumu bürüyür. Bəzən belə deyim olur ki, guya əks tərəfin xoşuna gəlir. Nə xoşuna gəlir? Necə yəni xoşuna gəlir? Bəlkə, sadəcə təzahür etdirmir?
Lap tutaq ki, həqiqətən də xoşuna gəlir - sənin icazən yoxdur ki, birinin acığına gəlmir deyə, sən onu alçaldasan. Xüsusən, toplumumuzun ən böyük mərəzlərindən biri məhz bu məzələnmək, məsxərə etməkdir. İnsanlar sanki hər şeydə bir mövzu axtarırlar ki, lağ etsinlər. Məsxərə də məhz oradan qaynaqlanan mövzulardandır.
Biz özümüzü tərbiyələndirməliyik. Bunun üçün də ilk öncə özümüzü digərlərinin yerinə qoymağı bacarmalıyıq ki, bu xəstəliyə yoluxmayaq.
Digərlərinə tələ qurma
Beşinci tövsiyə budur ki, başqalarına tələ qurmayın, insanların eyiblərini, mənfi cəhətlərini onların gözünə soxmayın. Bəzən olur ki, insanlar birinin bir nöqsanını, səhvini, xətasını axtarır ki, ona tələ qursun.
Bu, çox mənfi xüsusiyyətlərdən biridir. Dinimiz nəinki birinin eybini istifadə edib ona tələ qurmağı pisləyir, ümumiyyətlə, başqalarının eyibləri ilə məşğul olmağa pis baxır. Bunun da müalicəsi ondan keçir ki, insanın diqqəti özündə, öz çatışmazlıqlarında, öz eyib və xətalarında olsun. Əgər öz məsələlərimizlə məşğul olmağa başlasaq, digərlərinin eyiblərini axtarmağa, araşdırmağa vaxtımız və istəyimiz olmaz.
Bir-birinizi pis adlarla çağırmayın
Qurani-Kərimdən çıxan altıncı praktik tövsiyə budur ki, bir-birimizi pis adlarla çağırmayaq. İnsanlar bir-birinə pis adlar qoşmamalı və pis adlarla çağırmamalıdır. Bəzən deyirlər ki, biz elə uşaqlıqdan bir-birimizi belə çağırırıq. Əgər o çağırmada hər hansı bir həqarət, mənfilik, aşağılama varsa - mütləqdir ki, onu tərk edək.
Sui-zəndən uzaq ol
Yeddinci tövsiyə budur ki, pis zəndən, sui-zəndən gərək çəkinək. İnsan gərək sui-zənlərdən, mənfi zənlərdən çəkinsin. Sui-zənn nə qədər evlər yıxıb! Ailə içində, həyat yoldaşları arasında, gəlin-qayınana, övlad-valideyn münasibətlərində, dostlar arasında, yoldaşlar arasında ən dağıdıcı mövzu - əminliklə deyə bilərik ki, sui-zəndir. Dinimizin çağırışı budur ki, biri haqqında və ya birinin sözü, davranışı, əməli haqqında nəticə çıxarmazdan öncə, onu yetmiş dəfə yaxşı yerə yozmaq lazımdır. Bəzən insanın tələskənliyindəndir ki, biri barədə səhv nəticə çıxardır. Ona görə, qətiyyən tələsmək lazım deyil. Quranın bizə tövsiyəsi budur ki, insanlar haqqında pis, mənfi zənnə qapılmayın.
İnsan həyatlarının kəşfiyyatçısı olma
Səkkinci praktik və mühüm tövsiyə budur ki, insanlar bir-birinin həyatının kəşfiyyatçısı olmasın. Bu, görəsən, namaz qıldı-qılmadı, görəsən, oruc tutanda zahirdə orucu pozmayan işləri də görürmü, görəsən, biz görməyəndə hansı günahları edir və s. kimi müşahidə və ehtimallar - qəbuledilməzdir. Quran deyir ki, sənin vəzifən yoxdur ki, birinin şəxsi həyatını tədqiq edəsən, eyiblərini axtarasan, mənfilikləri ilə bağlı kəşfiyyatçılıq edəsən.
Qurani-Kərim bunu böyük günahlardan bilir.
Qeybət etmə
Tövsiyə olunan doqquzuncu mühüm tövsiyə isə budur ki, qeybət etməyək. Qeybət qədər ev yıxan ikinci məsələ yoxdur. Bəzən insan elə bilir ki, qeybət etdiyi şəxsə zərər vurmuş olacaq. Əslində isə ən böyük zərəri özünün də xəbəri olmadan, özünə vurmuş olur. Mümkündür ki, insan etdiyi qeybətlə, digər biri barədə mənfi fikir formalaşdıra biləcək. Amma bu günahın bir bumeranq effekti var, gec-tez onun zərəri insanın özünə yetişəcək. Bu hələ dünya üçün belədir, Axirət üçün isə Allah Təala qeybət edənləri ən mənfi bir aqibətin gözləməsi barədə xəbərdarlıq edir.
Gözəl əxlaqın bərəkəti
Sözsüz ki, bütün bu sadalananlar insanın gözəl əxlaqa yiyələnməsi üçün vacib amillərdir. Allah Təala Öz bəndəsini sanki bu buyuruşlarla tərbiyələndirmiş olur. Allah Öz bəndəsini əxlaqlı görmək istəyir. Çünki bizim bir-birimizə ən çox təsir edən məsələlərdən biri - necə davranmamızdır. Bu həll olmayana qədər, düzəlməyənə qədər həyatımıza İslam əxlaqını gətirmiş olmuruq.
Həyatımız o zaman zənginləşir, Allah bəyənən istiqamətdə hərəkət edir ki, həyatımıza, davranışlarımıza gözəl, mülayim əxlaqı, insanlarla davranış zamanı mülayimliyi gətirib çıxardaq. Həzrət Rəsulallahdan (s) buyuruşlarda da gəlir ki, gözəl, mülayim əxlaq insanlararası münasibətlərdə, bu münasibətləri bərkidir.
İnsanların bir-birinə olan sayğısını, məhəbbətini, qayğısını məhz gözəl əxlaq möhkəmləndirir. İstər ailə üzvləri arasında, istər dostlar arasında ən böyük müsbət təsir qoyan mövzulardan biri - gözəl əxlaqdır. Əgər biz ailədə münasibətlərin ən gözəl hala gəlib çatmasını istəyiriksə, gərək gözəl əxlaqa riayət edək. Allahın buyurduğu bütün vacibatlar mühümdür, amma Allahın bizə dinimizdən irəli gələn, Qurani-Kərimdə bəyan edilən praktik tövsiyələri ilə gözəl əxlaqa yiyələnmək də çox önəmlidir. Allahın bütün vacibatlarının ruhu, İslamın buyurduğu gözəl əxlaqla təkamülə çatmış olur.
Başqa bir buyuruşda Məsumdan (ə) buyurulur: “Həqiqətən gözəl işlər və gözəl əxlaq diyarları abadlaşdırır və ömürləri uzadır”. İnsanların davranışlarında gözəl əxlaqa yiyələnməsi, gözəl əməllərə can atması tək onun özünü deyil, bütün toplumu, insanlar yaşayan diyarları abadlaşdırır. Gözəl əxlaq, mülayim əxlaq toplumların abadlığını artırır. Bir toplumun abad olması, yaxşı ab-havanın olması gözəl əməllərdən və gözəl əxlaqdan keçir.
Digər tərəfdən də insan həyatının bərəkətlənməsi, ömürlərinin uzanmasına da gözəl işlər və gözəl əxlaqın təsiri var.
Həzrət Əli (ə) buyurur: “Ruzilərin xəzinələri gözəl əxlaqlarda qoyulub”. Biz bəzən elə bilirik ki, ruzi yalnız çox işləmək, çox çalışmaqla əldə edilir.
Əslində isə, Allahın qoyduğu qaydalarla yaşamaq, Allahın tövsiyələrinə uyğun gözəl əxlaqa, gözəl əməllərə yiyələnmək - ruzilərin artmasına, bərəkətlənməsinə səbəb olan amillərdəndir. Ruzilərin gizli qalan xəzinələri məhz gözəl əxlaqda qoyulub. Ruzi yalnız maddi məfhum deyil, insan həyatının bütün tərəflərini əhatə edir.
Gözəl əxlaqa Allah Təala elə bir bərəkət verib ki, onun bərəkətinə insanların ruziləri artmış olur. Gözəl əxlaq gizli ruzi xəzinələrinin üzə çıxmasına səbəb olur.
Gözəl əxlaq Allahın bəyəndiyi mövzu olduğu üçün, ən böyük dəyər hesab olunur və insanın təkamülünə səbəb olur. Allahdan istəyimiz budur ki, bizlərə bu tövsiyələrə əməl edib, gözəl əxlaqa yiyələnənlərdən olmağı nəsib etsin!
Allahım, bizlərə Sənin bəyəndiyin şəkildə yaşamağı nəsib et!
Allahım, bizlərə gözəl əxlaqa yiyələnmək tofiqatını nəsib et!
Allahım, aqibətlərimizi xeyirli et! Amin!
Şəffaflıq.az
Facebook-da paylaş