"SMS xidməti aktivləşə bilər, bu, qaçılmazdır!" - Deputatdan XƏBƏRDARLIQ


 

Bir ilə yaxındır ki, dünyada koronavirus (COVID-19) pandemiyası geniş yayılıb. Bu virusa yoluxma və COVID-19-dan ölüm hallarının kəskin artması müşahidə olunur.

Dünyanın əksər ölkələrində COVID-19 kütləvi yayılıb və yenidən xüsusi karantin rejimi tətbiq edilir, qaydalar sərtləşdirilir.

Hazırda COVID-19-un sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar.

Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır. Təəssüf ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Hazırda vəziyyət daha təhlükəli hal alıb.

Yay ayları ilə müqayisədə, COVID-19-dan gündəlik ölüm halları da dörd dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək.

Hazırda yoluxma hallarının 1-1,5 faizi ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir ki, bu da insanların qaydalara əməl etməsi ilə mümkündür.

Millət vəkili Kamilə Əliyeva öz açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxmanın dörd mini keçməsi çox acınacaqlı vəziyyətdir: “Son zamanlar rəqəmlərin artması artıq həyəcan təbilinin çalınmasına işarə verir. COVID-19-dan ölənlərin də sayı artır.

Əgər hər gün dörd mindən artıq insan bu xəstəliyə yoluxursa, 38 nəfər vəfat edirsə, bu, o deməkdir ki, hər gün bir faiz insan vəfat edir. Bu da böyük rəqəmdir. Bütün dünyada koronavirusa yoluxanların sayı artmaqdadır.

Azərbaycanda hazırda kəskin respirator virus infeksiyalarının da mövsümi artımı müşahidə olunur. İnsanlar respirator virusla yanaşı, COVID-19-a yoluxanda insan bədənində iki növ virus olur. Nəticədə, immunitet aşağı düşür və iki virusla mübarizə aparır. Bu da nəticədə səhhətində ağırlaşmalara gətirib çıxarır”.

Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün üç qızıl şərtə əməl edilməlidir: “Sosial məsafə, tibbi maskadan düzgün istifadə və gigiyenik qaydalara riayət etmək lazımdır. Yayda yoluxanların sayında azalma baş verdi, bu, insanlarda bir növ arxayınlıq yaratdı. Bəzi insanlar maskadan da düzgün istifadə etmədilər, nəticədə, indi vəziyyət bu hala çatdı”.

Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə, vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb”.

Deputat qeyd edib ki, Vətən Müharibəsində qələbə çaldıq və kütləvi toplaşma oldu:“Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edildi, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirdi.

Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bu da müharibədir. Vətən Müharibəsindəki kimi, yenidən birlik göstərsələr, COVID-19-a da qalib gələ biləcəyik”.

“Ən acınacaqlı vəziyyət odur ki, koronavirus diaqnozu qoyulan şəxslər küçələrə çıxırlar və digər insanlarla təmasda olurlar. Bu da təhlükəli hərəkətdir. Koronavirusla bağlı hər an vəziyyət həm yaxşılığa, həm də pisliyə doğru vəziyyət dəyişə bilər.

Bu, insanların məsuliyyətindən asılıdır. Əgər insanlarımız məsuliyyətli davransalar, qaydalara əməl etsələr, azalmağa doğru gedilə bilər. Bu zaman heç bir sərtləşmədən söhbət gedə bilməz. Ancaq qarşıdan gələn günlərdə, həftələrdə bu say artarsa, yenidən sərtləşmələr qaçılmaz olacaq.

SMS xidməti aktivləşə bilər. Bu, qaçılmazdır. Çünki gün ərzində dörd mindən artıq insan koronavirusa yoluxması böyük bir təhlükə yaradır”, - deyə K.Əliyeva əlavə edib.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}