Ehtiyatsızlıqdan tanınmış gitaraçını öldürən oğlunu nə cəza gözləyir...
Vəkil deyir ki, ona 3 ilədək həbs də verilə bilər, amma...
Tanınmış gitaraçı Nofəl Süleymanlı oğlu tərəfindən ehtiyatsızlıqdan öldürüldü. Onun oğlu 17 yaşlı Şövqünün əlində açılan silah atasının ölümünə səbəb oldu.
Nizami Rayon Prokurorluğunun məlumatına görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı atasının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Şəffaflıq.az xəbər verir ki, baş verən hadisədən sonra 17 yaşlı Şövqünün məsuliyyətə cəlb olunub-olunmayacağı müzakirə edilir.
Mövzu ilə bağlı vəkil Anar Məmişov qeyd edib ki, Cinayət Məcəlləsində ümumi cinayət məsuliyyəti 16 yaşdan başlayır.
Amma bəzi ağır cinayətlər var ki, cinayət məsuliyyətinə cəlb etmə yaşı 14-ə endirilib. Məsələn, qəsdən adam öldürmə, quldurluq, terrorçuluq və s.
Vəkilin sözlərinə görə, ehtiyatsızlıqdan adam öldürməyə görə məsuliyyətə cəlb etmə isə 16 yaşdan başlayır:
“Hələ hadisənin tam olaraq hansı səbəbdən baş verdiyi məlum deyil. Mətbuatda gedən yazılardan hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. İstintaq sual yaranan məqamları da araşdıracaq. Hazırda ümumi fakta görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmaqla cinayət işi açılıb. İstintaqın gedişatında şəxs şahid qismində dindirilir. Qeyd edilən maddə ilə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Vəkil qeyd edib ki, azadlığın məhdudlaşdırılması həbs etmək anlamına gəlmir.
Onun sözlərinə görə, bununla məhkum cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılır.
Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
Vəkil bildirib ki, ehtiyatsızlıqdan adam öldürmə ilə ittiham olunan şəxslərin istintaq dövründə həbs olunması praktikada çox da rast gəlinmir.
Anar Məmişovun sözlərinə görə, cinayət işinə prokurorluq tərəfindən xitam da verilə bilər: “Sonra isə bu barədə məlumat Qəyyumluq Himayəçilik orqanlarına göndərilir. Onlar məhkəmədə təqdimat verə bilərlər ki, həmin şəxs, uşaq tərbiyə müəssisəsinə yerləşdirilsin. Bu ərəfədə də uşağın psixoloji vəziyyəti araşdırılır. Davranışlarına nəzər yetirilir”.
Vəkil qeyd edib ki, istintaq orqanı tərəfindən odlu silahın qanunsuz olub-olmaması ilə bağlı da cinayət işi açıla bilər:
“Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 231- (Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə də cinayət işi açıla bilər. Silah mərhuma məxsusdursa, xitam verilir”.
Facebook-da paylaş