Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? — RƏSMİ AÇIQLAMA

 


Son günlər bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, xüsusi karantin rejimi dövründə imkansız ailələrə yardım paylayan, xeyriyyəçiliklə məşğul olan şəxslər ya inzibati qaydada həbs edilir, ya da əsassız olaraq polisə çağırılırlar.

Şəffaflıq.az xəbər verir ki, məsələ barədə Oxu.Az-ın sualını cavablandıran DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu iddialar reallığı əks etdirməməklə yanaşı, həm də qərəzlidir:

“Xeyriyyəçiliklə məşğul olmaq, imkansıza əl tutmaq bizim millətin ən ümdə dəyərlərindən biridir.  Xüsusi karantin rejimi dövründə də dövlətimiz tərəfindən imkansız ailələrə maddi və ərzaq yardımları göstərilib və hazırda da davam edir, aidiyyəti dövlət qurumları onların qayğıları ilə maraqlanır, üzləşdikləri problemlər həllini tapır.

Bununla yanaşı, ayrı-ayrı vətəndaşlarımız da xüsusi karantin rejiminin tələblərini pozmadan  dövlətin bu xeyirxah missiyasına qoşularaq, aztəminatlı ailələrə yardımlar paylayırlar. Bir daha deyirəm, xeyriyyəçiliklə məşğul olsaq belə, bütün hərəkətlərimiz hələlik xüsusi karantin rejiminin tələblərinə uyğun olmalıdır. 

Təəssüflər olsun ki, elələri də tapılır ki, mövcud şəraitdən sui-istifadə edərək, özlərini xeyriyyəçi kimi göstərməkdən ötrü polisin etdiyi xəbərdarlıqlara baxmayaraq, tələb olunan qaydaları belə pozmaqdan çəkinmirlər. Belələri müvafiq qaydada icazə almadan evdən çıxır, 4-5 qutu ərzağı götürüb gedir hansısa rayona və ya kəndə. Orada da tibbi maskadan istifadə edilmədən, sosial məsafə gözlənilmədən başına yığır 50-60 nəfəri, deyir, sizə yardım gətirmişəm”.

E.Zahidov bildirib ki, indiki epidemiya dövründə, koronavirusun tüğyan etdiyi bir zamanda belə  xaotik, plansız hərəkətlər xüsusi karantin rejiminin tələblərinin kobud şəkildə pozulması ilə bərabər, həm də yardım alan insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır:

“Ona görə də əminliklə deyirəm ki, ehtiyacı olan insanlara bu yolla edilən yardımın təhlükəsi faydasından qat-qat çoxdur. Bəli, öz həyat və sağlamlıqlarını riskə ataraq, vətəndaşlarımızı gözə görünməyən düşməndən - yeni koronavirus pandemiyasından qoruyan polis əməkdaşları belə hallarla rastlaşdıqda dərhal qarşısını alır və xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, həmin şəxs və ya şəxslər barəsində müvafiq tədbirlər görürlər”. 

“Yeri gəlmişkən, bir də görürsən ki, belə “xeyriyyəçilər” kamera və fotoaparatların müşayiəti ilə bir az ərzaq aparıb bir neçə ailəyə payladıqdan az sonra həmin videolar, fotolar sosial şəbəkələrdə yayımlanır. Mənəvi baxımdan bu da düz deyil. Çünki millətimizin belə bir deyimi var: “Sağ əlin verdiyini sol əl görməməlidir”, - deyə DİN rəsmisi qeyd edib. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}