BİR ANDA MİLYONÇUYA ÇEVRİLƏN HACI ZEYNALABDİN TAĞIYEV

 1823-cü il  Yanvarın 25-də  Bakıda  başmaqçı  ailəsində Zeynalabdin adında bir  oğlan dünyaya gəldi. İllər keçdi və Zeynalabdin   nüfuzlu neft maqnatlarından  və mesenatlardan biri kimi  adını Azərbaycan tarixinə yazdırdı.  
 Zeynalabdin Tağıyev 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında  bənna, daha sonra podratçı işləyib.  O vaxtlar Bakıda  neft bumu hökm sürürdü.  Zeynalabdin  iki şəriki ilə birlikdə Bibiheybətdə  torpaq icarəyə götürür.  Nə qədər quyu qazsalar da,  neft çıxmır ki çıxmır. Şərikləri öz paylarını satırlar və Zeynalabdin torpağın tək sahibinə çevrilir.  O, qibtəediləcək  inadkarlıqla  qazma işlərinə  davam edir.  Nəhayət quyu fontan vurur.  Kasıb başmaqçı Tağının oğlu palçıq daşıyan  Zeynalabdin bir anda  milyonçu Tağıyevə çevrilir.
 Lakin birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. Deyilənə görə, Hacı puluna güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı imarətinin ən görməli yerindən asır ki, hər dəfə kasıb günlərini ona xatırlatsın. O,  gəlirinin xeyli hissəsini  xeyriyyəçiliyə, doğma şəhərinin  inkişafına və  abadlaşdırılmasına  sərf edir,  istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir.  Bakıda  müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi.  Çar üsul-idarəsi məktəbin  açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda  ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin  xanımı  Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur.  Məktəbə qəbul edilən  58 qızın 35-i  yoxsul ailədən çıxmışdı.   Onların təhsil haqqını, yemək və geyim  xərclərini Tağıyev öz üzərinə götürür.  Da Bay  adlı bir fransız  Parisdə  nəşr olunmuş kitabında  Bakıda  müsəlman qız məktəbinin açılmasını  ağlasığmaz möcüzə adlandırırdı.
 Tağıyev daha sonra Mərdəkanda bağçılıq məktəbi açır.
 Hacı Zeynalabdin  Bakıda teatr binası tikdirir.  Azərbaycan klassik musiqisinin  banisi, böyük bəstəkar  Üzeyir Hacıbəylinin  “Leyli və Məcnun” operası  1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılır.  İndi həmin binada  Azərbaycan Dövlət  Musiqili Komediya Teatrı  fəaliyyət göstərir.
 Dəmir yolunun, su xəttinin çəkilməsi,  yanğından mühafizə xidmətinin  yaradılması, kitab nəşri... Bütün bunlar  böyük mesenatın  gördüyü  işlərin heç də tam olmayan siyahısıdır.
 Müxtəlif nəşrlərin yazdığına görə,  H.Z.Tağıyevin vəsaiti ilə ali tibb təhsili almış  Nəriman Nərimanov hesablamışdı ki,  mesenat xeyriyyə işlərinə qızıl pulla  1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə,  həmin məbləğ  yüz milyonlarla dollara bərabərdir. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “El atası” adlandırırdılar. Bakıda müsəlman, rus,  erməni və yəhudi xeyriyyə cəmiyyətləri Hacını fəxri sədr seçmişdilər.
 Uşaqlar, Hacı Zeynalabdin Tağıyevlə bağlı  maraqlı ibrətamiz əhvalatlar qələmə alınıb. Birinci əhvalat: Hacı Zeynalabdin Cənubi Qafqaz müsəlmanlarının nümayəndəsi kimi  çar  III Aleksandrın tacqoyma mərasimində iştirak edirmiş. Nazirlər sovetinin sədri  çarın sağ tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Növbə milli geyimdə  olan Hacı Zeynalabdinə çatır. Nazirlər sovetinin sədri  elə güman edir ki, Hacı rus dilini bilmir. Çara deyir: “Ваше величество, это представитель дикого  народа (Zati-aliləri, bu, vəhşi xalqın nümayəndəsidir).
 Tağıyev təmkinini pozmadan cavab verir: “Мы не дикие, мой народ  не дикий, он имеет  свою многовековую, богатую  историю» (Biz vəhşi deyilik, mənim xalqım  vəhşi deyil, o, çoxəsrlik  zəngin tarixə malik bir xalqdır).
 İkinci əhvalat: Bir gün  Bakı varlıları  Hacıya şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər. Tədbir görüb, bunun qabağını almaq lazımdır.  Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq”.
 Üçüncü əhvalat: Bir gün Hacıya xəbər çatdırırlar ki, şəhər bazarlarında  təzə balıq  yoxa çıxıb.  Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq  gətirərlər”. Ertəsi günü faytona minib vətəgələrdən birinə gəlir. Balıqçılar Hacını görə kimi əl-ayağa düşürlər. O, təzə tutulmuş, çapalayan balıq gətizdirir,  barmağındakı brilyant üzüyü çıxarıb məftillə balığın quyruğuna bağlayır və balığı dənizə atır. Bu xəbər bütün vətəgələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan balığın eşqi ilə çoxlu balıq ovlayırlar.  İki gündən sonra şəhər  bazarlarında balıq əlindən tərpənmək olmur.
 Dördüncü əhvalat: Bir gün Axund Hacı Turab Hacı üçün Quranı, daha doğrusu, Yasin surəsini oxuyub tərcümə edirmiş.  Növbə "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar” sözləri yazılmış  82-ci ayəyə çatanda Hacı soruşur: “Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?”  Axund cavab verir: “Əlbəttə alar"
 Çox keçmədən  Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar,  bütün sərvəti bir anda əlindən çıxır. Axundun vaxtilə dediklərini xatırlayan Hacı Zeynalabdin  vəsiyyət edir: “Məni Axund Hacı Turabın  ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl edib  Hacını Axund Hacı Turabın məzarının ayaq tərəfində  basdırırlar.




 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}