Mətbuat Şurasında Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib


Mətbuat Şurasında (MŞ) tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr olunmuş "Həqiqətin keşiyində bir ömür" adlı dəyirmi masa keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri, yaxınları və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

MŞ-nın sədri Rəşad Məcid Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu vurğulayaraq bildirib ki, o, uzun illər peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb:

"Mirzə Əsgərovun həyat və fəaliyyət yolu gənc jurnalistlər üçün örnəkdir, onun irsinin yaşadılması isə milli mətbuatın mənəvi dəyərlərinin qorunmasına xidmət edir".

"Tusi" Xeyriyyə Cəmiyyətinin sədri, professor Yəhya Babanlı çıxışında Mirzə Əsgərovun ömrünü sözə, həqiqətə və cəmiyyətin maariflənməsinə həsr etdiyini bildirib:

"Mirzə Əsgərov qısa ömründə çox işlər görüb və iz qoyub gedib. Bu səbəbdən belə yubiley tədbirləri görkəmli media nümayəndələrinin irsinin yaşadılması və gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır".

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Mirzə Əsgərovun Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfələr verdiyini, cəsarətli mövqeyi, milli maraqlara sadiqliyi və peşəsinə bağlılığı ilə seçildiyini diqqətə çatdırıb:

"Mirzə Əsgərovu təkcə jurnalist kimi yox həm də vətənpərvər vətəndaş kimi xatırlayıram. Onun vətənə sonsuz bağlılığı var idi. Bundan başqa onun cəsarəti də örnək olacaq qədər çox idi. O dövrdə qəzet nəşr etdirmək heç də asan deyil idi. Amma Mirzə Əsgərov bunu da bacarmışdı".

"Xalq qəzeti"nin baş redaktorunun müavini Hümbət Musayev Mirzə Əsgərovun həm peşəkar jurnalist, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi böyük nüfuz qazandığını bildirib:

"Mirzə Əsgərov daim həmkarlarına dəstək göstərən, sözün məsuliyyətini dərindən dərk edən media nümayəndələrindən biri olub. O uzun ömür yaşasaydı davamçıları mütləq olacaqdı".

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Mirzə Əsgərovun ictimai fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri, vətəndaş mövqeyi və xalqa bağlılığından bəhs edib:

"O qısa ömür yaşasa da Naxçıvan da daxil olmaqla bütün Azərbaycanda tanınmağı, iz qoymağı bacarıb. Çox şadıq ki, Azərbaycan tarixindən Mirzə Əsgərov kimi şəxsiyyət keçib".

Milli Məclisin deputatı Eldar İbrahimov Mirzə Əsgərovun ölkənin taleyüklü dövrlərində dövlətçilik maraqlarına sadiqliyi, prinsipial mövqeyi və cəsarətli publisistik fəaliyyəti ilə seçildiyini bildirib.

Mirzə Əsgərovun uzunillik dostu və həmkarı Namiq Əhmədov isə xatirələrini bölüşərək onun peşəkarlığından, səmimiyyətindən, dostluğa sədaqətindən və yüksək insani keyfiyyətlərindən danışıb.

Çıxış edənlər Mirzə Əsgərovun ömrünü həqiqətin, obyektiv sözün və milli mətbuatın inkişafına həsr etdiyini, ən mürəkkəb dövrlərdə belə peşə prinsiplərinə sadiq qaldığını bildirərək onun zəngin irsinin gələcək jurnalist nəsilləri üçün dəyərli məktəb olduğunu vurğulayıblar.

Tədbirin sonunda Mirzə Əsgərovun ailəsi adından oğlu Araz Əsgərov çıxış edərək yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə MŞ-a, "Tusi" Xeyriyyə Cəmiyyətinə, eləcə də tədbirdə iştirak edən bütün qonaqlara ailə adından səmimi minnətdarlığını ifadə edib.

Qeyd olunub ki, "Həqiqətin keşiyində bir ömür" adlı dəyirmi masa Mirzə Əsgərovun zəngin həyat və fəaliyyət yoluna, Azərbaycan jurnalistikasının inkişafına verdiyi mühüm töhfələrə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, milli mətbuatın şərəfli ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Tədbir iştirakçıları sonda Mirzə Əsgərovun əziz xatirəsini ehtiramla yad edərək onun zəngin irsinin Azərbaycan jurnalistikasında daim yaşayacağını və gələcək nəsillər üçün örnək olaraq qalacağını bildiriblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}