Xətai Rayon Prokurorluğunda "Açıq qapı günü" keçirilib
Xətai Rayon Prokurorluğunda "Açıq qapı günü" keçirilib. Şəffaflıq.az xəbər verir ki, məqsəd vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək, eləcə də prokurorluğun şəffaf fəaliyyətinin ictimaiyyətə təqdim olunmasıdır. Xətai rayon prokuroru Sərdar İmanov bu cür görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, hüquqi biliklərin artırılması və ictimai etimadın gücləndirilməsi baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib. O, rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, vətəndaş müraciətlərinə baxılması və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışı zamanı prokurorluq orqanlarında son illərdə həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesi, "Elektron prokurorluq" informasiya sistemi və ictimaiyyətlə əlaqələrin inkişafı barədə danışıb. O, fəaliyyətin əsas prioritet istiqamətlərinin şəffaflıq, operativlik və vətəndaş məmnunluğunun təmin olunması olduğunu diqqətə çatdırıb. Həmçinin tədbir çərçivəsində rayon prokurorluğunun əməkdaşları tərəfindən fəaliyyət sahələri üzrə iştirakçılara ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. İştirakçılar Xətai Rayon Prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşlar üçün yaradılmış iş şəraiti barədə məlumatlandırılıblar. Tədbir zamanı "Elektron prokurorluq" informasiya sistemi əyani şəkildə nümayiş etdirilib, müasir kriminalistik avadanlıqlar və onların istintaq prosesində tətbiqi barədə geniş məlumat verilib.
Facebook-da paylaş








