Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini, memarlıq-tikinti məsələləri sektorunun müdiri Etibar Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. E.Abdullayev Mingəçevir şəhərinin yaranma tarixin, inkişaf dövrü və Baş planı haqda məlumat verdi. R.İdrisoğlu Azərbaycanın inkişafından bəhs edərkən bildirib ki, şəhərlərin planlı inkişafının əsasında sistemli yanaşma dayanır. O vurğulayıb ki, bu yanaşmada insan amili, sosial rifah və ərazi balansı daim ön planda saxlanılır. Bildirilib ki, ölkədə müasir şəhərsalma siyasətinin əsası mövcud qanunvecilik və hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhər və kəndlərin tarazlı inkişafının təmini məqsədi ilə hazırlanan şəhərsalma sənədləridir. Bu günə qədər ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub və digərlərinin üzərində işlər ardıcıl davam etdirilir. E.Hüseynzadə gəncləri WUF13 tədbirində fəal iştirak etməyə çağırıb. O, çıxışında WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyətini və onun çərçivəsində gənclərdə maraq doğuracaq əsas tədbirləri diqqətə çatdırıb. WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək. Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Facebook-da paylaş








