Qazaxıstan Xəzərin öyrənilməsi və qorunmasına təxminən 2 milyon dollar ayırıb
Qazaxıstan hökuməti Xəzər dənizinin kompleks şəkildə öyrənilməsi və qorunması üçün ehtiyatdan 1,1 milyard təngə (təxminən 2 milyon ABŞ dolları) ayırıb. Şəffaflıq.az Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb. Vəsait "Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu" SC-yə yönəldilib. Qeyd olunub ki, maliyyələşdirmə institutun elmi potensialının yaxşılaşdırılmasına töhfə verəcək. Vəsait dəniz monitorinqinin aparılması üçün avadanlıqların alınması, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz edilməsi üçün nəzərdə tutulub. Bu, Elmi-Tədqiqat İnstitutuna bilavasitə dəniz akvatoriyasında kompleks monitorinqə keçməyə, o cümlədən mühitin hidrometeoroloji və bioloji parametrləri üzrə sistemli müşahidələr aparmağa imkan verəcək. "Elmi-Tədqiqat İnstitutu bu gün səmərəli tədbirlərin işlənib hazırlanması üçün beynəlxalq elmi ictimaiyyətə fəal şəkildə inteqrasiya olunur, Xəzəryanı Ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasına daxil olub", - hökumətdən bildirilib. Bu qərarın icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bütün zəruri tədbirləri görmək, Maliyyə Nazirliyinə isə büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə ciddi nəzarəti təmin etmək tapşırılıb.
Facebook-da paylaş








