Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsində bələdiyyələrin fəaliyyəti gücləndiriləcək
Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin fəaliyyətinə metodiki nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuat konfransında deyib. Onun sözlərinə görə, bəzi hallarda torpaq sahələrinin qeyri-qanuni şəkildə bölünməsi və təyinatının dəyişdirilməsi halları müşahidə olunur ki, bu da gələcəkdə sənədləşmə və qeydiyyat problemləri yaradır. Sədr bildirib ki, qurum bələdiyyələrə birbaşa inzibati müdaxilə etməyəcək, lakin metodiki nəzarət və tövsiyə mexanizmləri vasitəsilə torpaq idarəçiliyində vahid yanaşmanın formalaşdırılmasına çalışacaq: "Sənədsiz və özbaşına tikililərin əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də mühafizə zonalarında – yüksək gərginlikli elektrik xətlərinin, qaz və neft kəmərlərinin, dəmir yollarının və su kanallarının yaxınlığında inşa edilib. Bu cür tikililər qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak kimi qeydiyyata alına bilmir və onların elektrik, su və qaz kimi kommunal xidmətlərlə təmin olunması da mümkün deyil". O əlavə edib ki, torpaqların təyinatının pozulması aqrar sahəyə də mənfi təsir göstərir: "Bu, kənd təsərrüfatı torpaqlarının dövriyyədən çıxmasına səbəb olur. Bu istiqamətdə monitorinqlər və təhlillər aparılır".
Facebook-da paylaş








