Şuşada TDT çərçivəsində inteqrasiya perspektivləri müzakirə olunub
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu çərçivəsində "Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri" mövzusunda panel sessiyası keçirilib. Şəffaflıq.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc paneldə çıxışı zamanı dünyada hərbi-siyasi konfliktlərin, beynəlxalq təhlükəsizlik böhranın gücləndiyi, risklərin çoxaldığı dövrdə Azərbaycan-Türkiyə beyin mərkəzlərini birləşdirən vahid platformanın qlobal çağırışlara cavab verdiyini bildirib: "Türk dünyasının intellektual gücünü birləşdirərək qlobal qeyri-müəyyənliklərə qarşı ortaq strateji güc yaratmaq mühüm vəzifədir. Ölkələrin gələcəyini kənardan idxal olunan ideyalar müəyyənləşdirməməlidir. İndi Türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ bəyannaməsi ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsi imzalayır. Digər "dünya"lardan fərqli olaraq, Türk dünyası xalqları vahid çətir altında toplamaq üçün yaradılan süni ideoloji-siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır, Türk geosiyasətinin – "Türk qütbü"nün ifadəsidir".
Facebook-da paylaş








