Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib. Şəffaflıq.az AMB-yə istinadən xəbər verir ki, bu, Namiq Nağdəliyevdir. O, 1982-ci ildə Bakıda anadan olub, 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsindən, 2004-cü ildə isə eyni ixtisas üzrə magistr dərəcəsindən məzun olub, 2012-ci ildə "İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və tətbiq edilməsi perspektivləri" mövzusunda dissertasiya işini müdafiə edərək Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib, 2011-ci ildə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi gözləntilərin formalaşdırılması və idarəedilməsi" mövzusunda doktorantura tədqiqat işi üzərində çalışıb, 2013-2014-cü illərdə ABŞ-nin Cons Hopkins Universitetində "Keçid iqtisadiyyatı ölkələrində iqtisadi idarəetmə və institusional islahat" mövzusunda postdoktorantura proqramını tamamlayıb, 2020-ci ildə Harvard Universitetinin Con Kennedi Dövlət Məktəbində rəhbərlər üçün təşkil olunmuş "İqtisadi Siyasətinin həyata keçirilməsi" üzrə 8 aylıq xüsusi təhsil proqramını bitirib. N.Nağdəliyev 2001-ci ildə "Atlantbank"da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə "Kapital Bank" ASC-də Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb, 2008-ci ildə AMB-də peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib. 2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə AMB-də sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb. Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.
Facebook-da paylaş








