Cinayət Məcəlləsindəki bəzi dəyişikliklər son oxunuşda qəbul edilib
Milli Məclis Cinayət Məcəlləsindəki bəzi dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Şəffaflıq.az xəbər verir ki, dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında növbəti oxunuşda müzakirə edilib. Sənədə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında (hazırda bu məbləğ 4 min manatdan 8 min manatadək) cərimə ediləcək. Qeyd edək ki, həmin cinayətə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası isə olduğu kimi saxlanılır. Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırkı qanunvericiliyə görə isə "xeyli miqdar" dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülürdü. Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
 
         
 Facebook-da paylaş 
 
			








 
 