"İşverən" tutuldu - polisdən sakinlərə MÜRACİƏT
İşə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyən şəxs tutulub
Yevlax və Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə axtarışda olan 1960-cı il təvəllüdlü Nazim Quliyev Qəbələ rayonu ərazisində saxlanılaraq Yevlax RPŞ-yə aparılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Nazim Quliyevin Yevlax rayon Ağqıraq kənd sakinləri olan Dünyamin Sadıxov və Kamran Bəhərçinovdan polisə düzəldəcəyi vədi ilə ümumilikdə 7000 manat, həmin kənd sakini olan Nicat Bəhərçinovdan isə təqaüdə çıxaracağı vədi ilə 8000 manat pulunu alaraq dələduzluq yolu ilə ələ keçirib.
N.Quliyevin respublikanın digər şəhər və rayonlarında, əsasən kənd sakinlərinə qarşı analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Şəffaflıq.az
Facebook-da paylaş