Qazaxıstan Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər
Qazaxıstan neft qiymətlərinin əlverişli olacağı təqdiqdə Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər. "Şəffaflıq.az"-un Qazaxıstan bürosunun məlumatına görə, bunu jurnalistlərə "Samruk-Kazına" Milli Rifah Fondunun rəhbəri Nurlan Jakupov bildirib. "Qazaxıstanın Bolqarıstanın neft məhsulları bazarında iştirakının genişləndirilməsi neftin qiymətindən asılı olacaq. Genişlənmə iqtisadi əhəmiyyət və kommersiya cəlbediciliyi olduğu halda mümkündür", - N.Jakupov qeyd edib. O "KazMunayQaz" SC-nin törəmə şirkəti olan "Rompetrol" şirkətinin Bolqarıstanda 56 yanacaqdoldurma məntəqəsi və terminaldan ibarət şəbəkəyə malik olduğunu xatırladıb. "Bolqarıstanın neft məhsulları bazarında 3,7 % pay sahibiyik", - fondun rəhbəri əlavə edib. O hesab edir ki, Qazaxıstanın bu seqmentdə payının artırılması üçün potensial var. N.Jakupov həmçinin Qazaxıstanın Bolqarıstanda neft emalı zavodu ala bilib-bilməyəcəyi barədə suala cavab verməkdən yayınıb və bu layihəni "kommersiya baxımından həssas" adlandırıb.
Facebook-da paylaş
