Qabor Orban: “Azərbaycan Avropaya LNG ixrac etmək potensialına malikdir”
Azərbaycan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etmək potensialına malikdir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Macarıstanın “MVM CEEnergy” şirkətinin baş direktoru Qabor Orban 30-cu Bakı Enerji Forumu çərçivəsində bildirib. "Azərbaycan boru kəməri ilə tədarükləri tamamlaya biləcək və müvafiq terminallar vasitəsilə Avropa regionunun təchizatında istifadə edilə biləcək LNG ixracı potensialına malikdir", - Q.Orban qeyd edib. Onun sözlərinə görə, Xəzər regionundan qeyri-Rusiya mənşəli qazın Avropaya ümumi ixrac potensialı ildə 30-45 milyard kubmetr həcmində qiymətləndirilir. MVM-in rəhbəri vurğulayıb ki, dənizə çıxışı olmayan ölkə kimi Macarıstan əsasən boru kəməri qazının tədarükünə üstünlük verir. O əlavə edib ki, şirkət öz portfelini fəal şəkildə diversifikasiya edir və qaz bazarında genişlənməyə çalışır: "Biz, şübhəsiz ki, qaz mənbələrinin şaxələndirilməsi üçün yeni imkanlarla maraqlanırıq", - Q.Orban bildirib. Eyni zamanda, o, tədarük həcminin artırılmasına mane olan mövcud infrastruktur məhdudiyyətlərini diqqətə çatdırıb: "Cənub Qaz Dəhlizi genişləndirilməli, o cümlədən Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürmə qabiliyyəti 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmalıdır. Həmçinin regionlararası qaz birləşmələrində, xüsusilə Bolqarıstan və Serbiya, eləcə də Serbiya və Macarıstan arasındakı interkonnektorlarda "darboğazlar" mövcuddur. Bütün bu interkonnektorların modernlşdirilməsinə ehtiyac var", - Q.Orban vurğulayıb. Bununla yanaşı, o, Avropa İttifaqının müvafiq investisiya layihələrinə maliyyə dəstəyi göstərə biləcəyinə ümidvar olduğunu deyib. "Demək olar ki, qaz yenidən gündəmə gəlib – o, artıq qadağan olunmayıb. Söhbət qazdan imtina etməkdən deyil, onun enerji balansında rolunu qorumaqdan gedir. Əsas məsələ Aİ-nin bu infrastruktur investisiyalarını dəstəkləyə bilib-bilməyəcəyidir", - o vurğulayıb.
Facebook-da paylaş
