Serbiya Azərbaycandan qaz tədarükünü artırmaq üçün yeni interkonnektorun tikintisini planlaşdırır
Serbiya Azərbaycandan qaz idxalını artırmaq üçün yeni interkonnektorun tikintisini planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bunu Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin neft və qaz məsələləri üzrə nazir köməkçisi vəzifəsini icra edən Saşa Kokoviç 30-cu Bakı Enerji Forumunda çıxışı zamanı bildirib. "İndi bizim Azərbaycandan təbii qaz almaq və Macarıstana ötürmək imkanımız var. Lakin bunun üçün 1960-cı illərdə tikintisinə başlanmış daxili qaz nəqli sistemini modernləşdirmək lazımdır. Azərbaycan bizim üçün yeni strateji tərəfdaş və Rusiya qazından sonra tədarükü məhz interkonnektora qoşulma nöqtəsi hesabına şaxələndirməyə imkan verəcək yeni sistemin bir hissəsi oldu", - S.Kokoviç qeyd edib. Onun sözlərinə görə, sərhədyanı interkonnektorlar vasitəsilə mənbələrin və təchizat marşrutlarının şaxələndirilməsi Serbiya üçün kritik əhəmiyyətli vəzifədir və növbəti üç il ərzində həyata keçirilməsi planlaşdırılır. "Biz şimalda Rumıniyanın və cənubda Şimali Makedoniyanın qaz nəqli sisteminə qoşulmağı nəzərdən keçiririk. Avropa İttifaqının dəstəyi və Şimali Makedoniya ilə interkonnektorun tikintisi sayəsində Trans-Adriatik Boru Kəmərinə (TAP), deməli, Cənub Qaz Dəhlizinə çıxış əldə edəcəyik. Həmçinin Yunanıstandakı LNG terminalına çıxışla bağlı məsələlər üzərində işimizi davam etdiririk", - o bildirib. S.Kokoviç vurğulayıb ki, bu infrastruktur layihələrinin uğurla həyata keçirilməsi həm qaz, həm də neft tədarükü baxımından ölkənin enerji təhlükəsizliyinin artırılması üçün böyük əhəmiyyət kəsb edir. "Ümid edirik ki, gələcəkdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə həm istehlak həcmləri, həm də ötürmə qabiliyyəti üzrə optimal həllər tapacağıq. Azərbaycanın potensialını nəzərə alaraq, ümid edirik ki, Bolqarıstanla sərhəddə - Kalotina bölgəsində yeni interkonnektor vasitəsilə bu marşrutla daha çox təbii qaz ala biləcəyik", - nazirliyin nümayəndəsi əlavə edib.
Facebook-da paylaş
