Luka Şippati: “TAP ilə Avropaya 47 milyard kubmetrdən çox qaz nəql edilib”
Trans-Adriatik Gaz Boru Kəməri (TAP) ilə indiyədək Avropaya 47 milyard kubmetrdən çox qaz nəql edilib. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə "TAP AG"nin idarəedici direktoru Luka Şippati 30-cu Yubiley Bakı Enerji Forumu zamanı bildirib. Onun sözlərinə görə, ümumi həcmdən 39 milyard kubmetr İtaliyanın payına düşür. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. 878 km uzunluğunda olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir. Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Aİ arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə minimum 16 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
Facebook-da paylaş
