Mediatorun intizam məsuliyyəti artırılır, irad da tutulacaq
Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora irad tutma intizam məsuliyyəti tədbirləri də tətbiq ediləcək. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Mediasiya haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir. Bundan başqa, qanun layihəsinə yeni maddə də əlavə edilib. Belə ki, qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Eyni zamanda layihədə tərəflərin ailə və əmək mübahisələri üzrə mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikləri təqdirdə ilkin mediasiya sessiyasının keçirilməsinin tələb olunmaması təklif edilir. Həmçinin mediasiya fəaliyyətinin həyata keçirilməsi hüququnun dayandırılması faktiki olaraq mediasiya prosesinin xitamına səbəb olur. Qeyd olunanları nəzərə alaraq mediasiya prosesinə xitam verilməsi əsaslarına mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması halının əlavə edilməsi təklif edilir. Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
Facebook-da paylaş
