Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi barədə Sərəncam imzalayıb. Şəffaflıq.az-ın məlumatına görə, dövlət başçısı bu vəzifəyə Elnur Şəmistan oğlu Bağırovu təyin edib. Qeyd edək ki, E.Bağırov 2022-ci il dekabrın 16-da agentliyin rəis müavini vəzifəsinə təyin edilib. E.Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib. Ailəlidir, 2 övladı var.
Facebook-da paylaş
