Fariz İsmayılzadə Böyük Britaniyaya səfər edib, bir sıra görüşlər keçirib
Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Fariz İsmayılzadə Böyük Britaniya Krallığına işgüzar səfər edib. Şəffaflıq.az xəbər verir ki, o, səfər çərçivəsində ikitərəfli əlaqələrin və Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra mühüm görüşlərdə və tədbirlərdə iştirak edib. F.İsmayılzadə Böyük Britaniyanın parlament üzvləri ilə görüşüb, bir sıra vacib müzakirələr aparıb. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Deputat Böyük Britaniya parlamentində keçirilən “COP29 və İqlim Dəyişikliklərinə Dair Təşəbbüslər: Ǫeyri-müəyyənlik ilində düşüncələr” mövzusunda panel müzakirəsində də iştirak edib. O, COP29 zamanı Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib və Azərbaycanın qlobal iqlim təşəbbüslərinə sadiqliyini vurğulayıb. F.İsmayılzadə səfər zamanı Böyük Britaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə də görüşlər keçirib. Görüşlərdə qlobal təhlükəsizlik, regional inkişaf və Azərbaycanın beynəlxalq çağırışların həllindəki rolu müzakirə olunub. Deputat Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edərək şəhidlərin xatirəsini yad edib, hadisənin tarixi haqqında danışıb. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Britaniyanın "Warwick" Universitetinin nümayəndələri ilə görüşərək Azərbaycan universitetləri ilə akademik və elmi tədqiqat sahəsində əməkdaşlığın inkişafı imkanlarını müzakirə edib. Fariz İsmayılzadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Londonda təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirib. Onlarla akademik təcrübələri və gələcək planları haqqında danışıb, Azərbaycanın xaricdə təmsilçiliyinə və inkişafına töhfə verməklərinin vacibliyini qeyd edib.
Facebook-da paylaş