Azərbaycanda baş verən ən ağır təyyarə qəzasından 29 il ötür
Azərbaycan aviasiya tarixində baş verən ən ağır təyyarə qəzasından 29 il ötür. Şəffaflıq.az-ın məlumatına görə, 1995-ci il dekabrın 5-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus göyərtəsində 76 sərnişin və 6 heyət üzvünün olduğu 56 saylı "Naxçıvan-Bakı" reysi ilə uçan Tu-134B tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00 radələrində qəzaya uğrayıb. Bu, Azərbaycanın aviasiya tarixinə ən dəhşətli qəza kimi düşüb. Məlumata görə, havaya qalxan təyyarə 60 metr hündürlük və saatda 317 km sürət yığdıqdan sonra mühərriklərdən birində problem olduğu aşkar edilir. Sol mühərrikin sıradan çıxmasına baxmayaraq, göyərtə mühəndisi səhvən sağ mühərriki söndürür. Pilot isə təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Sürəti saatda 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə üz-üzə gəlir. Pilotlar dəhşətli fəlakətdən yayınmaq üçün 37 dərəcə bucaq altında təyyarəni sağ tərəfdəki açıq sahəyə yönəltməyə çalışırlar. Lakin onların bu cəhdi qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhəri Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışır. Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən 4-ü heyət üzvü olmaqla, 52 nəfər həlak olur.
Facebook-da paylaş