Ulu öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkənin gələcək taleyini düşünən insanlar Azərbaycanı böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, peşəkar və uzaqgörən siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
1992-ci il 21 noyabr tarixində gənc respublikamızda çox əlamətdar və tarixi hadisə baş vermişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, həqiqətən də tarixi hadisə idi. Hətta qeyd edə bilərik ki, yeni müstəqillik əldə etmiş dövlətimiz üçün dönüş nöqtəsi oldu. Ona görə ki, müstəqilliyimizin ilk illəri, çox ağır və faciəvi illər idi. Həmin dövrdə iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Həmçinin, ölkədə olan müharibə şəraiti və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması dövlətimiz və xalqımız üçün çox böyük faciə oldu. Lakin 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar Azərbaycanı daha da bərbad vəziyyətə qoymuşdu. Belə ki, o zamankı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində, eyni zamanda, ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Bu vəziyyətdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar Ulu öndər Heydər Əliyevin ətrafında birləşdilər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tərəfindən təməli qoyulan partiya bu gün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. Beş yüz mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın hakim partiyaları ilə Yeni Azərbaycan Partiyasının geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu mənada, xalqımız Ulu öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.
Azərbaycan xalqının inam simvolu Yeni Azərbaycan Partiyası mövcuddur və bu təşkilatın formalaşmasında, inkişafında təməl qoyan da məhz bu xalqın nümayəndələridir. Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Bu gün Yeni Azərbaycan Partiyası, Azərbaycanda və Cənubi Qafqaz regionunda ən mütəşəkkil, nüfuzlu, kütləvi, mütərəqqi siyasi təşkilatdır. Reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur. Hazırda Azərbaycanda böyük məsələləri həll edirik. Həm ölkə daxilində, həm regionda, həm də xaricdə, dünya birliyində gedən proseslərdəki rolumuz artmaqdadır. Xatırladaq ki, Azərbaycanın xarici siyasət konsepsiyasını da Ulu öndər Heydər Əliyev qurmuşdur və bu konsepsiya bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edilir.
Həmçinin məlumdur ki, hakim partiya əməkdaşlığa daim açıqdır, qarşısındakı vəzifələrdən biri kimi partiyalararası siyasi dialoqu stimullaşdırmağa diqqət ayırır. Ona görə ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, Azərbaycanın güclənməsi qarşıda duran vacib məsələlərdəndir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi, onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.
Bütün bunlar deməyə əsas verir ki, hakim siyasi təşkilat qarşıdakı illərdə də üzərinə götürdüyü missiyaları uğurla yerinə yetirəcək, Ümummilli lider Heydər Əliyevin fikirləri ilə ifadə etsək, dünənin, bu günün partiyası olan YAP, həm də gələcəyin partiyası olacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Şəffaflıq.az