İki vəkilin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət ediləcək
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Şəffaflıq.az-ın xəbərinə görə, sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. İclas gündəliyinə vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Sonra bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi, dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması və mükafatlandırılması, habelə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin iclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanından müvəffəqiyyət qazanan, icbari təlimi uğurla başa vuran, dövlət qulluğunda olduğuna görə 6 ay müddətində möhlət alaraq andiçmə mərasiminə gəlməyən namizədlərə qaydalara uyğun olaraq imtahan nəticələri ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. Eyni zamanda iclasda vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunması məsələsinə baxılıb və müsbət qərar çıxarılıb. İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb, habelə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Facebook-da paylaş