Yeni Kaledoniya Partiyasının üzvü: Müqəddaratımızı həll etmək üçün çalışacağıq
Yeni Kaledoniya Partiyasının üzvləri Bakıda keçirilən qurultayda ölkələrində yaşanan çətinliklərdən danışıblar. Şəffaflıq.az xəbər verir ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda qurultay keçirilir. Qurultayda Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi bildirib ki, hazırda gənc kanaklar hədəfə alınır. O vurğulayıb ki, mayın 13-dən bu yana Yeni Kaledoniyada yaşananlara qarşı tədbirlər səmərə vermir: "Biz daimi repressiya yaşayırıq. Daha ciddi tədbirlər görülməlidir. Biz öz müqəddaratımızı həll etmək üçün çalışacağıq". Partiyanın digər üzvü Maria Line Sakilia isə bildirib ki, bu günədək 1500-ə yaxın şəxs həbs edilib: "Bir çox valideynlər hələ də övladlarını axtarır. Yeni Kaledoniya ilə bağlı narahatlıqlar var. Ölkəmizdə diktatorluq rejimi yaradılıb. Məktəblərimiz iflic vəziyyətdir. 60 min şagirdimiz təhsil ala bilmir. Tibb mərkəzlərimiz də darmadağın edilib. Biz terrorçu deyilik, haqlarımızı tələb edirik". Yeni Kaledoniya partiyasının üzvü Maria Saliqa məlumat verib ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir: "Yeni Kaledoniyada vəziyyət dəhşətlidir. Makron Fransası demokratiyaya üz çevirib. Vətəndaş müharibəsi deyil, müstəqillik uğrunda mübarizə aparırıq".
Facebook-da paylaş