FHN: Əkin sahələrində texniki cəhətdən saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikaları yanğın təhlükəsi yaradır
Əkin sahələrində texniki cəhətdən saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikaları yanğın təhlükəsi yaradır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur. Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur. Qeyd edilməlidir ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür. Göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə, xüsusilə sahibkarlara, fərdi təsərrüfat sahiblərinə, təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır və daha diqqətli olmağa çağırır. Şəffaflıq.az
Facebook-da paylaş