Əmlak Məsələləri Dövlət Xidməti sentyabr ayına özəlləşdirmə hərraclarını elan edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 5-də, 11-də, 12-də və 14-da növbəti dəfə özəlləşdirmə hərracları keçirəcək. Şəffaflıq.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, sentyabrın 5-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi və 2 avadanlıq çıxarılıb. Bunların sırasında müxtəlif markalı minik avtomobilləri ilə yanaşı, traktor da var. Sentyabrın 11-də keçiriləcək hərraca isə “AqrarKredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 9 nəqliyyat vasitəsi çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixi 2008-2013-cü illəri əhatə edir. Sentyabrın 12-də təşkil olunacaq hərracda isə 13 obyekt və 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var. Sentyabrın 14-də keçiriləcək hərraca isə “Dəmir Bank” ASC-ə məxsus 4 daşınmaz əmlak çıxarılıb. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə buradan tanış olmaq mümkündür:
Facebook-da paylaş