Pul nişanları yeni qaydada dəyişdiriləcək


“Pul nişanları yeni qaydada dəyişdiriləcək”.

“Trend”in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əsginasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.

Layihəyə görə, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək.

Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək. Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilməyəcək və onun nominal dəyəri ödənilməyəcək. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndəriləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}